Naftalan Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il - yüksəlişin başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbirdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyulundan götürür. Həmin ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. O dövrdə yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarındandır. Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycan xalqının özünəqayıdışının başlanğıcı kimi xatırlanır.
Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir.
Sonda Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Naftalan şəhəri