Burada həm müalicə alır, həm də dincəlirlər

post-img

Bu məkanı təbiətin ən gözəl guşəsindən biri adlandırmaq olar. Hər yan yamyaşıl, hər tərəf gül çiçək. Ətrafdakı yaşıllığın və fəvvarələrin sərinlik yaydığı bu ərazi Müdafiə Nazirliyinin Gorədildəki Mərkəzi Hərbi Sanatoriyasının yerləşdiyi məkandır. 

Əvvəllər Gorədil Hərbi İstirahət Evi kimi tanınan  sanatoriyada hər il yüzlərlə insan müalicə alır və dincəlir. Razılıq və xoş təəsüratla buradan ayrılırlar. Hamıya diqqət yetirilir, qayğı göstərilir. Məmnunluq yaradan haldır ki, baş tacımız olan şəhid, qazi ailələrinə xüsusi diqqət var. Qarabağ müharibəsinin iştirakçıları burada özlərini çox rahat hiss edirlər. 

Son zamanlar burada görülən işlər təqdirə layiqdir. Rahat, geniş, səliqəli idman zalları əsaslı təmirdən sonra istirahətə gələnlərin ixtiyarındadır. Burada futbol, voleybol, digər idman növləri ilə məşğul olmaq, həmçinin, tennis və digər oyun növü ilə maraqlanmaq mümkündür. Digər guşədə şahmat dama, nərd oyunları üçün hər bir şərait yaradılıb. 

Sanatoriyanın yeməkxanası öz təmizliyi ilə xüsusi seçilir. Burada verilən yeməklərin dadı, ləzzəti hər kəsin ürəyincədir. İstirahətə gələn nazirliyin yüksək rütbəli əməkdaşları və onların ailə üzvləri də digər istirahət edənlərlə birgə səhər, günorta və axşam yeməklərində olurlar. Burada vəzifəsindən asılı olmayaraq hamıya eyni xidmət göstərilir. 

Ölkənin tanınmış şair, yazıçı və digər mədəniyyət işçiləri istirahətə gələnlərin qonağı olur, maraqlı çıxışları ilə dincələnlərin rəğbətini qazanırlar. Zəngin kitabxana və maraqlı sərgi guşələri hamının maraq göstərdiyi və toplandığı məkandır. Xalqımızın, müzəffər ordumuzun şanlı zəfər tarixindən bəhs edən eksponatlar sanatoriya sakinləri tərəfindən çox bəyənilir. 

Son zamanlar burada maraqlı bir ənənənin təməli qoyulub. Kiminsə ad günü olursa, şirniyyat stolu arxasında onu xüsusi qeyd edirlər. Bu təbii ki, doğum günü qeyd edilən üçün çox xoş olmaqla yanaşı, həm də uzun müddət yaddaşlarda qalandır. 

İnsanlara göstərilən bu diqqət dəyər ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına, həmçinin veteranlara göstərdiyi xüsusi qayğının nəticəsidir. Təbii ki, hər gün Müdafiə Nazirliyinin rəhbərliyinin müvafiq qurumları da istirahətə gələnlərin durumu ilə maraqlanırlar. Burada dincələnlərə yüksək tibbi xidmət göstərilir. Azyaşlılar və yeniyetmələr üçün musiqili əyləncə proqramları da təşkil edilir. Buraya daxil olan zaman sanki hamı doğmalaşır, hamı bir birinə “can bacım”, “can qardaşım”– deyimi ilə müraciət edirlər. 

Bütün görülən uğurlu işlərdən əlavə, həm də əsaslı yenidənqurma işləri də həyata keçirilir. Bu işlərdə istirahət mərkəzinə rəhbərlik edən yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən, bu sahədə mükəmməl bilik və bacarığa mənsub, peşəkar zabit polkovnik-leytenant Kamil Cəlilovun əməyini xüsusi qeyd etmək lazımdır. Bütün şəhid və qazi, həmçinin veteran ailələrinin üzvləri bu peşəkar zabitin və sanatoriyada  çalışan hər bir əməkdaşın fəaliyyətindən razılıq edirlər.

İlqar Quliyev,
ehtiyatda olan polkovnik

Sosial həyat