Ağstafada “Yurd yerimiz Qərbi Azərbaycandır” adlı dəyirmi masa keçirilib

post-img

Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında “Tarixi Azərbaycan torpağı: Yurd yerimiz-Qərbi Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir. Ağstafa RİH başçısı Seymur Orucov çıxış edərək deyib ki, tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri “dənizdən-dənizə” böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlər boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasətini davam etdirmişlər.

Azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan–indiki Ermənistan ərazisindən 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumiyyətlə, XX əsrdə iki milyondan çox azərbaycanlı torpaqlarımızda yerləşən indiki Ermənistanda soyqırımına məruz qalmışdır. 

Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük Zəfəridir. Buna Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti sayəsində Vətən müharibəsində son qoyuldu. Azərbaycan iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı. Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana böyük qayıdış gözləyir. Bu hədəfi Prezident cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi: “Mən əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Təbirdə digər çıxış edənlər də bildirmişlər ki, yurd yerlərinə qayıdacaqları günü səbirsizlikə gözləyirlər.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Ağstafa







Sosial həyat