“Çiçəklər kralı”nın “yaşıl avtoqrafı”

post-img

Onu öz adı ilə çağıran yoxdur. Hamı Rauf Rəhimlini “Çiçəklər kralı” kimi tanıyır. Bəziləri qısaca “kral” deyə də müraciət edirlər. Bu adı ona təsadüfən verməyiblər... Bir qızılgül kolunda 22 rəngdə gül yetişdirən, bir limona 7 cür sitrus meyvələri calaq edən bu təbiət vurğununu başqa necə adlandırasan?

Ötən əsrin 70-ci illərində Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində onun becərdiyi gül-çiçəyi görənlər heyranlıqlarını gizlədə bilmə­yiblər. Ona bu adı o vaxt sərgini ziyarətə gələn SSRİ Elmlər Akademiyasının, Səhiyyə Nazirliyi­nin, Baş Apteklər İdarəsinin rəhbərləri veriblər.

Rauf Rəhimlinin təkcə ana təbiətə, ağaclara, güllərə-çiçəklərə deyil, ətrafda bizi əhatə edən nə varsa, hamısına özəl, daha doğrusu, fəlsəfi ya­naşması var. Bəlkə də belə olmasaydı, Xəzərin xəzri, dənizdən əsən gilavarların at oynatdığı Ab­şeronun qumsal torpağında hər addımından, hər qarışından gözəllik boylanan cənnət guşəni necə yaratmaq olardı?

“Kral”ın bağı 

Təsadüfən Novxanı–Corat yolundan keçənlər buranı istirahət guşəsi, restoran və ya hotelə ox­şadırlar. Müxtəlif ekzotik ağacların, şəlalələrin, su şırnaqlarının, üzündə nilufər çiçəyi gül açan, için­də balıqlar üzən kiçik gölməçələrin, yerə düzülmüş əsrarəngiz daşların həyətdə yaratdığı gözəllik ən daşürəkli müsafiri də biganə qoya bilməz.

Həyət o qədər də böyük deyil – haradasa 2 400 kvadratmetr (0,24 ha), amma həyət sahibi çox böyük ürək və zövq sahibidir. Burada əzva­yın 15, kaktusun 50, qızılgülün 150-yə qədər növü var. Bağda, özü demişkən, jenşendən valeriana qədər hər çiçəklə rastlaşmaq olar.

“Kral”ın evi də elə buradır, lakin onun rəng­bərəng balıqqulaqlarından ibarət evinin divarları da sənət əsəri təsiri bağışlayır. Divarlarda müxtəlif fiqur və təsvirlər, evin içərisindəki əşyalar, burada­kı özünəməxsus dizayn göz oxşayır. O, həyətdəki bu qeyri-adi otaqlara da uyğun adlar verib: “Mek­sika papağı”, “Robinzonun otağı”...

Bir ağacda 104 meyvə

O, Vətənin torpağını, havasını, gülünü-çiçəyini deyil, daşını da çox sevir. Əbəs yerə deyil ki, onun yaratdığı gözəlliyin bir hissəsi də daşlarla əlaqə­dardır. “Pis gül yoxdur, pis bağban var”, – deyən Rauf Rəhimli əlavə edir: 

– Yabanı halda bitən bir bitkidən məhsul almaq üçün ona mütləq calaq vurmalısan, qulluq etmə­lisən, təxminən, 3 il gözləməlisən. Bir gülün rən­gini, nəslini dəyişmək üçün 3 il, bəzən 7 il zəhmət çəkmək və gözləmək lazım gəlir. Bu isə səbir, bilik və məhəbbət tələb edir.

Bir limon ağacından 104 meyvə almaq da, gö­rünür ki, bu səbrin, biliyin və sevginin nəticəsidir.

Masallıdan Abşerona

O, ötən əsrin 1990-cı illərinin əvvəlindən eti­barən bağ salmağa başlayıb. Bakı Dövlət Uni­versitetinin kimya-biologiya fakültəsini bitirəndən sonra Masallıda aptekdə işləyib, sonra 770 nöm­rəli “Yaşıl aptek”in sahibi olub. Onun becərdiyi, yetişdirdiyi güllərin sorağı ilə çoxları Masallıya üz tutub. 1970-ci illərdə Bakıda Dənizkənarı Bulvar­da keçirilən sərginin iştirakçısı olub. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə yolu da bu­radan başlayıb.

Rayonda yaratdığı füsunkar gözəlliyi iqlim, hava şəraiti və təbiətlə əlaqələndirənlər olub. Subtropik iqlimə malik olmayan Abşeron yarımadasın­da belə bir bağ salmaqla gözəlliyi hər yerdə yarat­mağın mümkün olduğunu öz əməli ilə sübut edib.

Torpaq üzərində yaşıl izlər

“Elə insanlar var ki, var-dövlətinin, torpağının çoxluğu ilə öyünür: “Filan yerdə bu qədər torpa­ğım var, filan ərazidəki torpaq mənimdir”. Amma onlar bir şeyi unudurlar ki, torpaq bizim yox, biz torpağınıq. Bəs üstündə yaşadığımız, qonaq oldu­ğumuz bu torpaqda biz hansı izləri qoyuruq?”, – deyə “çiçəklər kralı” sual verir.

Ömrünü, həyatını torpaq üzərində gözəlliklər yaratmağa sərf edən “çiçəklər kralı”nın bağını müxtəlif ölkələrin səfirləri, diplomatlar, təbiət vur­ğunları ziyarət edib, ona gül-çiçək, dibçək hədiyyə edənlər də olub. Haqqında film və verilişlər çəkilib.

Novxanıda saldığı bağ, bağdakı gözəlliklər, burada əkdiyi daş palıd, müxtəlif ekzotik ağaclar, yetişdirdiyi gül-çiçək ömrünün səkkizinci onilliyini yaşayan gözəllik vurğunu Rauf Rəhimlinin bu dün­yada qoyduğu ən gözəl avtoqrafdır...

Süleyman QARADAĞLI





Sosial həyat