(yaşantı)
Gecə saat 11-ə az qalardı. Toya gələnlərin çoxu getmişdi. Qalanlar bəylə gəlinin qohum-qardaşı, yaxınları idi. Klarnetdə oynaq hava çalınır,5-6 nəfər içkinin təsirindən necə gəldi, atılıb-düşürdü.
Gödəkçəmi geyinib şadlıq sarayından çıxdım. Metro stansiyası yaxın olduğundan piyada getməyi qərara aldım. Narın yağış yağırdı. Külək əsmədiyinə görə yağış adama xoş gəlirdi. Şəhərin işıqlı küçələri sanki yağışda güzgülənirdi. Küçədə tək-tük adam görünürdü. Mənə elə gəlirdi ki, onlar ya gecə növbəsinə gedir, ya da hansısa əzizinin və ya dostunun evindən şənlikdən qayıdırdılar. Metro stansiyasının qarşısındakı bağın tinindən dönəndə küçədən bir maşın keçdi. Sürücü radionun səsini artırmışdı. Müğənni “Aman Tello”nu oxuyurdu:
“Qoy məni öldürsünlər, Tello,
Bir alagöz qız üstə, Tello!”
Öz-özümə dedim ki, gör necə sevənlər olub e, öz alagözlüsü yolunda çəkinmədən canını fəda edib. Gözəl deyilib:
“Məhəbbət bir bəladır ki,
giriftar olmayan bilməz...”
Sərin yaz havası və küçələrin sakitliyi səs-küylü toy havasını getdikcə mənə unutdururdu. Artıq sabahkı gün haqqında fikirləşirdim. Evə çatıb rahatlanandan sonra ilk görəcəyim iş köşə yazısı yazmaq idi. Səhərdən bu barədə düşünür, hansı mövzuda yazacağımı götür-qoy edirdim. Axır ki, tapdım – bugünki toylarımız haqda yazmağı qərarlaşdırdım. Doğrudur, bu mövzuda çox yazılıb, amma heç nə dəyişməyib. Hətta yazıya sərlövhə də tapdım – “Toylar bizə toy tutur”. Bir az təmtəraqlıdır, qoy olsun, əsas odur ki, həqiqətdir. Yazını yaza bilsəydim, rahat yata bilərdim. Ona görə ki, sabah xeyli işim vardı və onları həll etmək üçün bir neçə idarədə olmalı idim.
Elektron kassaların qarşısında növbətçi qadın polislə söhbət edirdi. Mən gediş kartımı tapmaq üçün ciblərimi xeyli axtarmalı oldum. Bu dəqiqələrdə polis dayanıb mat-mat üzümə baxırdı. Nəhayət, kartı tapdım və eskalatora doğru getdim. Qatar yola düşməyə az qalmış özümü yetirdim. Vaqonun orta hissəsindəki altı nəfərlik üzbəüz oturacaqda 2 sərnişin vardı. Mən onlarla üzbəüz əyləşdim. Əvvəlcə üst-başıma diqqət yetirdim. Gödəkçəm islanmışdı.
Üzbəüz oturmuş yaşlı kişi nəsə itiribmiş kimi ciblərini yoxlayırdı. O, deyəsən, axtardığını tapdı, lakin əlini cibinə salmadı. Kişinin enli qalın qaşları vardı, elə bil, əllə yapışdırmışdılar. Yaşının çox olmasına baxmayaraq, saçları gur idi və tamamilə ağarmışdı. Qoca köhnə xarici filmlərin qəhrəmanlarına oxşayırdı. Hara baxdığı dəqiq bilinmirdi.Tez-tez gülümsəyirdi və bu zaman üzündəki qırışlar daha da dərinləşirdi. Əvvəlcə mənə elə gəldi ki, o, mənim təhər-tövrümə baxıb gülümsəyir. Ancaq sonra yəqin etdim ki, kişi heç mənə baxmır, fikri haradasa metro qatarından uzaqlardadır. O, bəlkə də, bir az əvvəl bağ evində qoyub gəldiyi əzizlərini düşünür, yaxud yeni dil açan nəvəsinin “baba, baba” deməsini xatırlayır. Bəlkə, dünyasını dəyişmiş xanımının çöhrəsini göz önünə gətirir, onun həlim, nəvazişli baxışlarına isinir. Bəlkə o, mənimlə yanaşı oturduğu oğlanla qıza baxıb, hansı səbəbdənsə, qovuşa bilmədiyi sevgilisini yada salıb təəssüflənir... Bu anda bir az əvvəl küçədə eşitdiyim “Aman Tello” mahnısı yenidən qulaqlarımda səsləndi:
“Mən yarımı sevmişəm, Tello,
şirin-şirin dil ilə, Tello!”
Deyəsən, mən qocanı haradasa görmüşdüm, ancaq bunu dəqiq xatırlaya bilmirdim. Bəlkə kişi məni tanıyıb, salam vermədiyimə görə gülümsəyir. Amma nə illah eləyirdim, onunla tanışlığımızın tarixini yadıma sala bilmirdim.
Mənimlə yanaşı əyləşən oğlanla qız şirin-şirin söhbət edirdilər. Hər ikisi səliqəli geyinmişdi. Deyəsən, onlar da toydan gəlirdilər. Çünki qızın əynində parıltılı parçadan uzun paltar vardı. Sarışın saçlarını açıb tökmüşdü. Əlində krem rəngində balaca çanta tutmuşdu. Arabir çantanı açıb şəkilə baxırdı. Oğlan tez-tez əyilib qızın qulağına nə pıçıldayırdısa, o, “vay, vay” deyirdi. Oğlan tez-tez öskürürdü və əlində saxladığı salfetlə ağzını tuturdu. Bu zaman da qız yenə “vay, vay” sözünü təkrarlayırdı. Diqqət çəkən qəribəlik bu idi ki, qatarın qapısının yanında, dəmir çərçivəyə salınmış reklam kağızı üzərində iri hərflərlə bu sözlər yazılmışdı: “Öskürəkdən yoxdur hal, ailən üçün “Zedeks” al!”.
Vaqonun daha bir sakini mənimlə yanaşı əyləşmişdi. Onun üst-başı pis vəziyyətdə idi. Şalvarı palçığa bulaşmışdı. Köhnə paltosunda bir dənə də düymə yox idi. Tüklü sifətində qaysaqlanmış yaralar vardı. Saçlarını axırıncı dəfə nə vaxt daradığını, yəqin ki, özü də xatırlaya bilməzdı. Əlində tutduğu torbada nə vardısa, tez-tez ağzını açıb baxırdı. Mənə elə gəldi ki, o, içki düşkünüdü. Hər kəsə yazıq-yazıq baxır, bəlkə də nəsə soruşmaq və ya içmək üçün pul almaq istəyirdi. Lakin, o, bunu hələ ki, dili ilə yox, baxışları ilə deyirdi...
Onun bu görkəmdə metroya girə bilməsi mənə bir az təəccüblü gəldi.
Qəfil haqqında bayaq söhbət açdığım qocanın orta məktəbdə mənə coğrafiya dərsi deyən Söhrab müəllimə oxşadığını yəqin elədim. Bir anda Söhrab müəllimin qurub-yaratdığı zəngin coğrafiya kabineti gözlərim önündə canlandı. Müəllimim yenə əlində uzun çubuq tutmuşdu və üzünü divardan asılmış böyük xəritəyə tutub deyirdi: “Baxın, İtaliyanın ərazisi sanki uzunboğaz çəkməyə oxşayır. İtalyanlar bizim insanlara bənzəyirlər, onlar da çılğındırlar...” Yaxud, elə bil, müəllimim indicə məni ayağa qaldırıb sakitcə soruşacaq ki, de görüm, Küdrü düzünün torpaqları hansı torpaq tipinə aiddir? Mən suala o dəqiqə cavab verəcəyəm və Söhrab müəllim yenə gülümsəyəcək...
Söhrab müəllimdən o yana arıq, uzun, eynəkli bir nəfər oturmuşdu. Torpağı sanı yaşasın, bu adam bizim kənddə bir vaxtlar Temir "doxtur" vardı, sanki onun “kopya”sı idi. Kişi, deyəsən, saçlarını rəngləmişdi. Çünki 50-dən yuxarı yaşın ola, başında bir dənə də tük ağarmaya? Mən bunu o, tez-tez papağını götürüb başını, boynunu ovxalayanda hiss elədim. Onu da deyim ki, Temir əslində, həkim deyildi, “medbrat” idi. Amma o illərdə 3 qonşu kəndin heç birində həkim olmadığına görə, hamı ona həkim deyirdi. Və o da vardı ki, uşaqdan-böyüyə hamı Temirin yaxşı həkim olduğuna inanırdı. Temir həm müayinə edir, həm də iynə vururdu. Dəmirdən olan balaca qabda gəzdirdiyi şprisini görəndə nəinki uşaqların, elə böyüklərin də canına vicvicə düşürdü.
Temir atla gəzər, atın üstündə daim əlində köhnə hamam çamodanına oxşar kiçik sumka tutardı. Çünki Temirin, belə demək olarsa, qazancı bu çamodandan çıxırdı.Yalan olmasın, o sürtülmüş meşin çamodan, bəlkə də Nikolayla yaşıd idi. Amma imkanı olsa da, Temir, nədənsə, ozünə yeni çamodan almırdı. O çamodanda nələr yox idi...
Temirin uzun əlləri, karandaş kimi nazik barmaqları vardı. Dərmanların və işlətdiyi yodun təsirindən sağ əlinin 3 barmağı daim sapsarı olurdu. Kəndimizdə, demək olar ki, hamı Temir kişiyə hörmət edirdi. Ancaq mənim ondan xoşum gəlmirdi və dünyasını dəyişənədək də belə oldu. Təbii ki, bu, səbəbsiz deyildi.
…Mən 7-ci sinifdə oxuyurdum. Bir gün məktəbdən dönəndə gördüm ki, Temir kişi yolda dayanıb. Salam verib, yanından ötəndə o, dedi:
– A bala, bir dayan! Eşitmişəm Səidənin saçlarını yolmusan. Qulaqlarını çəkərəm, ha!.. Müəllimə də tapşırmışam, sabahdan sizi ayrı-ayrı partada otuzdursun. Bir də qıza yaxın düşmə...
Səhəri günü sinfə girəndə Səidəni başqa partada oturmuş gördüm. Daha mən ona tərəf dönüb baxmadım da. Fikirləşirdim ki, yəqin Səidə məndən atasına şikayət edib. Çox sonralar eşitdim ki, Səidə yox, sinfimizdəki qara Səidə gedib onun anasına nə çatdırıbsa, Temir kişi də arvadının sözü ilə qabağımı kəsib. Amma Səidə yenə mehriban idi və başa düşmüşdüm ki, o, atasının mənə dediklərindən xəbərsizdi.
Kənd səkkizillik məktəbini bitirəndən sonra mən rayon mərkəzində oxudum və Səidəni demək olar ki, görmədim. Universitetə qəbul olunanda kənddəki sinif yoldaşlarım evimizə məni təbrikə gəlmişdilər. Səidə də onlarla idi. O, çox dəyişmiş, ağappaq gözəl bir qız olmuşdu. Uzun hörükləri tez-tez sinəsinə düşürdü. Çox az danışırdı. Uşaqlar “sağ ol”laşıb gedəndə Səidə susub mənə baxırdı. Mənə elə gəldi ki, o, nəsə demək istəyir. Ancaq deyəcəklərini yoldaşların yanında dilə gətirməkdən çəkinir...
Mən 1-ci kursu bitirib kəndə gələndə eşitdim ki, Səidə qonşu kənddə qohumumuz olan Ağəlinin oğluna nişanlanıb...
Növbəti stansiyada düşməli idim. Vaqonun sərnişinləri isə mənim kimi yenə öz dünyalarında idilər. Mən, nədənsə, qarşıdakı stansiyada düşməyib, onlarla sonadək getmək istəyirdim. Çünki metro vaqonunda yaşadığım dəqiqələr mənə çox şirin gəlirdi və məni, az da olsa, gözəl çağlara qovuşdururdu. O çağlara ki, o anları yenidən yaşamaq üçün “qalan günlərimi qurban verərdim”.
Bir neçə dəqiqədən sonra mən narın yağış altında evə doğru gedir və yolboyu bu gecə qəzet üçün yazacağım köşə yazısı barədə fikirləşirdim.
Səməd MƏLİKZADƏ