“23 illik karyeramda belə bir şey görməmişəm”. Bu fikri amerikalı onkoloq Kaşyap Patel “Washington Post” qəzetinə açıqlamasında bildirib. O, COVID-19 pandemiyasından sonra insanlarda nadir xərçəng növlərinin gözlənilməz şəkildə müşahidə edildiyini qeyd edib. Həkim buna koronavirusun səbəb ola biləcəyini düşünür.
Virusların xərçəng riskini artıra biləcəyi ehtimalı, ən azı, 60 ildir məlumdur. Əslində, bütün dünyada xərçəng xəstəliklərinin 15–20 faizinə HPV, Epstein-Barr və Hepatit B kimi yoluxucu virusların səbəb olduğu təxmin edilir. COVID-19 yeni virus olduğundan onun xərçənglə əlaqəsi ilə bağlı dəqiq cavab vermək hələ mümkün görünmür.
Digər tərəfdən, pandemiya başlayandan bəri maraqlı hallarla qarşılaşan həkimlər narahatdır. Onlardan biri – Kaşyap Patel 2021-ci ildə 40 yaşlı kişidə öd yolları xərçəngi aşkarlayıb. Bildirib ki, bu nadir, ölümcül xərçəng, adətən, 70–80 yaşlı insanlarda müşahidə olunur.
Karolina Qan və Xərçəng Dərnəyinin baş direktoru K.Patel həmkarlarının da oxşar nadir hallarla qarşılaşdıqlarını söyləyir. “Elə bil soyuqdəymədir, müraciət edən, narahat olanların çoxunda xərçəng var”, – deyə həkim vəziyyəti izah edib.
O, 78 yaşlı xəstəsinə bir il ərzində qırtlaq, qaraciyər və ağciyər xərçəngi diaqnozu qoyub. Ailədə xəstəlik keçmişi olmayan Bob və Bonni adlı cütlükdə 14 ay ərzində 3 xərçəng xəstəliyi aşkarlanıb. 73 yaşlı Boba 2022-ci ildə xroniki lenfositik leykemiya, bu il isə ağciyər xərçəngi diaqnozu qoyulub. Bonninin qarnında isə, təxminən, 4 kilo ağırlığında xərçəngli kütlə aşkarlanıb.
Həkim deyib ki, xroniki lenfositik leykemiya çox nadir xərçəng növü olsa da, xəstələr tanıdıqları bir neçə insanda da bu xəstəliyin olduğunu bildirirlər.
Həkim hər üç xəstənin qanındakı koronavirus antikorlarının “pik həddə çatdığına” diqqət çəkib. Patel bunun xərçənglə əlaqəsini necə izah edə biləcəyindən əmin deyil. Ancaq onun fikrincə, müxtəlif xərçəng növlərinin bədənin müxtəlif nahiyələrində bu qədər qısa müddətdə görünməsi də qəribədir.
Nyu Yorkdakı “Cold Spring Harbor” Laboratoriyası Xərçəng Mərkəzinin direktoru və Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının keçmiş prezidenti Deyvid Tuveson hüceyrələrin xərçəngə çevrilməsinə koronavirusun səbəb ola biləcəyinə dair heç bir dəlil olmadığını bildirir. Digər tərəfdən, 2023-cü ildə nəşr olunan bir araşdırma virusun şişlərin meydana gəlməsinə mane olan və bütün bədəndə iltihaba səbəb olan genləri dəyişdirə biləcəyini göstərib. Bu iltihab müxtəlif orqanlarda xərçəng hüceyrələrinin yaranmasına da şərait yarada bilər. COVID-19 səbəbindən ölən xəstələrdə vaxtından əvvəl qocalmış hüceyrələrin olduğuna diqqət çəkən D.Tuveson deyib: “Koronavirus bədəni məhv edir və bu, xərçəngin yaranmasına səbəb ola bilər”.
K.Patel isə iddia edir ki, virusa bir dəfədən çox yoluxmaq bütün bədəndə iltihabı gücləndirərək xərçəng hüceyrələrini yenidən aktivləşdirir. Bəzi ekspertlər isə ehtimal edirlər ki, xərçəng xəstəliyinin artmasına pandemiya dövründə səhiyyə xidmətlərində yaranan fasilələr səbəb olub. 2020-ci ildə dünyada 19,3 milyon yeni xərçəng hadisəsi olsa da, 2022-ci ildə bu rəqəm, təxminən, 20 milyona çatıb.
Amerika Xərçəng Cəmiyyətinin Sağlamlıq Xidmətləri Tədqiqatlarının elmi direktoru Şuesonq Han da hesab edir ki, xəstəliyin artması virusla bağlı qorxu və ya iqtisadi səbəblərə görə müalicənin təxirə salınması ilə bağlı ola bilər.
Bununla belə, COVID-19 virusunun bu məsələdə rol oynaya biləcəyini etiraf edən S.Han əlavə edib: “Mənim bu fikri dəstəkləyəcək məlumatım yoxdur. Ancaq bu, cavablandırılması vacib olan bir sualdır”.
Hazırladı:
Z.HÜSEYNOVA
XQ