Ətraf mühit amilləri milli fəaliyyət planları ilə uyğunlaşdırılmalıdır. Beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi bu yaxınlarda dərc olunacaq. Bu fikirlər BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyevin “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına videomüraciətində yer alıb.
Azərbaycan hökumətinə ətraf mühiti qorumaq üçün göstərdiyi səylərinə, xüsusilə mina fəaliyyətini 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təqdim etdiyinə görə təşəkkürünü çatdıran baş katibin köməkçisi ölkəmizin COP29-a ev sahibliyi etməsini bu sahədə işlər görməkdə maraqlı olduğu ilə əlaqləndirib. O, həmçinin BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirdiyini bildirib. “Gəlin, bu görüşdən katalizator kimi istifadə edək və daha çox yaşıl gələcək üçün çalışaq”,– deyə o əlavə edib.
XQ