Bu günlərdə “Google”un 2500 səhifə həcmində olan “Content API Warehouse” daxili məxfi sənədinin görünməmiş sızması baş verib. Bu, “Google”un axtarış nəticələrinin yuxarısında hansı saytları sıralamağa qərar verdiyinə dair əvvəllər məlum olmayan bir çox detalları aşkara çıxarıb. Ekspertlər qrupu sənədin orijinal olduğunu təsdiqləyib.
Xarici mətbuat xəbər verir ki, “Google” əvvəlcə vəziyyəti şərh etməsə də, mayın 30-da, axşam saatlarında “The Verge” nəşrinə sızmanın legitimliyini təsdiq edən məktub göndərib. Sənəddə, ilk növbədə, tərtibatçılar və SEO mütəxəssisləri üçün nəzərdə tutulmuş bir çox texniki detallar var.
“Mashable” xəbər verir ki, bu sənədi anonim mənbədən alan axtarış sisteminin optimallaşdırılması üzrə ekspert Rend Fişkin digər aparıcı SEO mütəxəssisləri ilə birlikdə onun hərtərəfli təhlilini aparıb. Onlar sızan məlumatın həqiqi olduğunu təsdiq ediblər. Sənəd “Google”un “Chrome” brauzeri məlumatlarından və səhifələri sıralamaq üçün istifadəçi kliklərindən necə istifadə etməsi ilə bağlı bəzi maraqlı təfərrüatları ortaya qoyur. Belə ki, şirkət əvvəllər bunları təkzib edirdi.
Beləliklə, sənəddə bir neçə maraqlı məqam var. Birincisi, “Google” saytdakı hansı səhifələrin axtarış nəticələrində göstəriləcəyini müəyyən etmək üçün “Chrome” brauzeri istifadəçilərinin klik axını məlumatlarından istifadə edir. Şirkət bundan əvvəl “Chrome”un reytinqlərində öz iştirakını təkzib etmişdi.
Bununla yanaşı, “Google” naməlum səbəblərdən “kiçik şəxsi saytlar” etiketini qoyur. Bunun səbəbi bilinmir. “iPullRank”dan SEO mütəxəssisi Mayk Kinq bu faktı qeyd edib və onun şərhi cavablardan daha çox, xeyli suallar doğurub. “Google”un daxili sənədinin təhlilinə əsasən, şirkətin “kiçik şəxsi veb-saytlara” təyin etdiyi xüsusi bir bayraq var. Bununla belə, “Google”un “kiçik” və ya “şəxsi” veb-saytın təsnifatını necə müəyyənləşdirməsi aydın deyil və onun niyə veb-saytları bu bayraqla işarələdiyi barədə heç bir məlumat yoxdur. Bu, onların axtarış reytinqlərində yüksəldilməsinə və ya aşağı salınmasına kömək etmək üçündür?
Bu, SEO mütəxəssislərinin uzun müddətdir spekulyasiya mənbəyi olan, lakin “Google”un bir çox illərdir ki, təkzib etdiyi başqa bir problemdir. Təsdiq olunub ki, istifadəçi klikləri reytinqdə əvvəllər deyilənlərdən daha böyük rol oynayır. Əsas amillərdən biri qısa kliklərin (saytdan sürətli çıxış) və uzun kliklərin nisbətidir. Məlum olub ki, “Google” axtarış sistemlərinin reytinqi üçün istifadəçi kliklərinə əvvəllər məlum olduğundan daha çox güvənir.
İnternet saytları üzrə mütəxəssislər və rəqəmsal marketinq ictimaiyyəti arasında çoxdan belə bir fikir formalaşıb ki, “Google” dəqiq uyğunluqla domen adlarını mükafatlandırır. Bununla belə, məlum olur ki, tam uyğun domen adları, əslində, axtarış reytinqlərinə mənfi təsir göstərə bilər. Həqiqətdə, “Google” onları potensial spam kimi görür.
Nəhayət, COVID, siyasət və turizm kimi bəzi mövzular üçün axtarışlarda görünə biləcək saytların “ağ siyahıları” mövcuddur. Bu mövzular üzrə bütün yeni saytlar əl üsulu ilə təsdiqlənməlidir.
Nəticədə, ekspertlər hesab edirlər ki, “Google” əvvəllər öz sıralama alqoritmini təsvir etməkdə tamamilə dürüst olmayıb. Bu sızma axtarış sisteminin əslində necə işlədiyi ilə bağlı əvvəllər mübahisəli olan bir çox məsələyə aydınlıq gətirib.
“Google”un sözçüsü Devis Tompson vəziyyəti şərh edib və insanları kontekstdən çıxarılan məlumatlara əsaslanaraq tələsik nəticələr çıxarmamağa çağırıb. O qeyd edib ki, şirkət axtarışın necə işlədiyi barədə artıq geniş məlumatı paylaşıb və öz sistemlərini manipulyasiyadan qorumaq üçün işləri davam etdirir. Bununla belə, skeptiklər şirkətin iddiaları ilə reallıq arasında aydın ziddiyyətlərə işarə edirlər.