Sosial Xidmətlər Agentliyinin müəssisələrinin əməkdaşları üçün "PR və kommunikasiyanın əsasları" mövzusunda təlim təşkil edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində tədbirlərin təşkilində məsul olan əməkdaşlar üçün "PR və kommunikasiyanın əsasları" mövzusunda təlim təşkil edilib. 

Təlimin məqsədi əməkdaşların iş keyfiyyətinin artırılması, kommunikasiyanın düzgün təşkili, informasiyaların fakta əsaslanması, böhran vəziyyətlərinin idarə edilməsi və digər bu kimi mövzularla bağlı bilik, bacarıqları təkmilləşdirmək, bu sahədə peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır.

Bir gün davam edən təlimdə Agentliyin ölkə üzrə 13 müəssisəsinin (18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 2 sosial xidmət müəssisəsi, 4 psixonevroloji sosial xidmət müəssisəsi, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi və s.) nümayəndələri iştirak edib.

Təlimin gedişində iştirakçılar nəzəri biliklər əldə etməklə bərabər, müxtəlif keyslər üzrə fərdi və qrup tapşırıqlarını yerinə yetiriblər. 
Həmçinin həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlərə dair nümunələr göstərilməklə diskussiya aparılıb, suallar cavablandırılıb. 

Bu kimi təlimlərin mütəmadi təşkil edilməsi nəzərdə tutulub.











Sosial həyat