Zəngəzur və onun qərbində formalaşan mənəvi qatlar

post-img

Ümumazərbaycan etnogenezinin formalaşmasında, onun elm və mədəniyyətinin, ədəbiyyatının inkişafında Qərbi Azərbaycanın aborigen əhalisinin yaratdığı maddi-mənəvi qatlar əvəzsiz rol oynamışdır. Bu coğrafiyadan iradələrə zidd olaraq zorla çıxarılan azərbaycanlıların problemləri günümüzün ən aktual məsələlərindəndir. 

Bir daha bu ağrılı problemin gündəmə çevrilməsində, yüzminlərlə insanın tarixi Vətəninə qovuşmaq istəyinin müxtəlif yerli və beynəlxalq təşkilatların platformalarından dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ardıcıl dəstəyə görə Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm.

Azərbaycanlıların Qərbi Azərbaycanda yaratdıqları kulturoloji qatlar bugünkü Ermənistan Respublikasının rəsmi dövlət sərhədləri daxilindəki 29 min 800 кadratkilometrlik ərazilərdə dərin köklər üzərində dayanıb. Bu köklər 1719 kvadratkilometlik Qarakilsə rayonundan başlayaraq bütün Zəngəzur boyu, Dərələyəz, Dərəçiçək, Göyçə, Qaraqoyunlu, Lori-Pəmbək, Calaloğlu, Qırxbulaq, Vidibasar, Zəngibasar və digər mahallara qədər uzanır. 

Yaxın tariximizə o köklərin izi ilə sizin hər birinizi Qərbi Azərbaycan ərazisinin təsvirini tərtib etmək üçün cəlb edilən rus tarixçi və etnoqrafı İvan İvanoviç Şopenin 1829-1832-ci illərdə topladığı materiallar əsasında hazırlanan və 30 ildən sonra nəşr olunan kitab apara bilər. Bu, imerator sarayında yenicə ilhaq olunan ərazinin kulturoloji qatları barədə ətraflı təsəvvür yaratmaq üçün fransamənşəli rus etnoqrafının topladığı materiallar əsasında hazırlanan kitabdır. Kitab yerlərin toponimlərini və yerli xalqın adət-ənənələrini, mədəniyyətini müşahidə materialları əsasında hazırlanıb. Qeyd edək ki, müəllifin qərəzsizliyinə bu günə qədər potensial oponentlərin belə, zərrəcə şübhə yeri olmayıb. Yeri gəlmişkən, həmin müşahidələrin nəticəsi olan, etnoqrafın müxtəlif vaxtlarda təkrar nəşr olunan həmin kitab 1860-cı ildə nəinki Rusiyada, həmçinin Avropada çox nüfuzlu mükafat kimi qəbul edilən Demidov mükafatına layiq görülmüşdü. Kitabda ancaq Zəngəzurda müharibəyə qədər bütünlükdə azərbaycanlıların yaşadığı 107 kənd özündə yaşatdığı izlərlə bərabər məhv edildiyi məlum olur. 

Tükmənçay müqaviləsindən dərhal sonra İrəvan və Naxçıvan xanlıqlarının bazasında Erməni vilayətinin yaradılması və ermənilərin kütləvi şəkildə gətirilərək məskunlaşdırılması bu ərazilərin etnoqrafik mənzərəsini dəyişib. Nəticə olaraq XIX əsrin ortlarında vilayətin yerli əhalisi olan azərbaycanlıların xüsusi çəkisi 30 faiz azalaraq, 77.9-dən 46,7 faiz təşkil edib. 

İrəvanın, Çuxur-Səədin Azərbaycan xalqının etnogenizinin formalaşmasında oynadığı mübahisə doğurmayan rolu bir də onunla əlamətdardır ki, burada ümumazərbaycan mədəniyyətinin maddi və mənəvi abidələrinin yaradılması ənənəsi formalaşməşdı.

Bu ərazilərdə formalaşan və özünəməxsus maddi-mənəvi irs yaradan azərbaycanlılar daşıyıcısı olduğu dəyərlərdən qidalanan folklor nümunələri ilə fərqlənir. Bu nümunələr sırasında ozan ənənələrini günümüzə qədər qoruyub saxlayan Qərb aşıq məktəbi xüsusilə cəlberdicidir. Özündə zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, məhəbbət, qəhrəmanlıq dastanları yaratmaq olan Qərb aşıq məktəbinin nümunəsində bunu görmək mümkündür. Hələ orta əsrlərdən İrəvan xanlığının ərazisində formalaşan bir sıra aşıq məktəblərinin ən zəngini hesab edilən Göyçə aşıq məktəbinin nümayəndələri güney-qüzeyli Azərbaycanın aşıq sənətkarlığında öz dəsti-xətti ilə bu gün də seçilir. Bu məktəbin, həmçinin keçmiş İrəvan xanlığının ərazisindəki digər məktəblərin nümayəndələri olan Zərgərli Miskin Abbas, Ağ Aşıq adı ilə tanınan Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik və başqaları aşıq ədəbiyyatında zəngin irs yaratmağa müvəffəq olub. 

Yeri gəlmişkən, yaradıcılığında keçmiş İrəvan xanlığının ərazisindəki aşıq məktəbləri ilə bərabər, Qars-Qağızman ozanlarının ənənələrini yaşadan, mayasında xalqımızın müdrikliyi ifadə olunan ağbabalı Aşıq Şenliyin gəraylı və qoşmaları da bu cəhətdən ibrətamizdir. Aşığın Qaranamaz kəndindəki el şənliklərinin birində üz-üzə gəldiyi göyçəli Aşıq Ələsgərlə deyişmə təklifinə verdiyi cavab bir əsrdən artıqdır ki, dillər əzbərinə çevrilib:

Aşıq Şenlik Qaramanlı,

Ələsgər Göyçə mahallı.

Nəyə lazım qalmaqallı,

Əzəl-azır yaxşılıqdır.

1895-1906-cı illərdə erməni dilində nəşr edilən "Mşak" qəzetinin əməkdaşı, erməni tarixi və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatların müəllifi, 1924-cü ildən ömrünün sonuna qədər İrəvan Universitetinin professoru olmuş Leo (Arakel Babaxanyan) bu istiqamətdə  “artan marağı” belə izah edirdi: “Erməni dilinin yoxsulluğu üzündən erməni aşıqları öz mahnılarını türk dilində (Azərbaycan dilində) qoşmuşlar. Aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (Azərbaycan dili) erməni ləhcələrindən daha səlis, daha ifadəli, daha zəngin və cəlbedici idi”.

Qədim Çuxur-Səəddə, XIX əsr Azərbaycan şairi və jurnalisti, maarif xadimi Mirzə Məhəmmədtağı Sidqi Naxçıvaninin məkətbində təhsil alan, öz fitri istedadı sayəsində qısa müddətdə fars və türk dilini mükəmməl öyrənən sonralar İrəvanda məktəb açan İsmayıl Kazımzadə, “Mütəlle” təxəllüslü Mirzə Kazım Qazi Əsgərzadə, Mirzə Abbas Məhəmmədzadə, “Sabir” təxəllüsü ilə şeirlər yazmaqla bərabər, “Əkinçi” qəzetində nəsr və nəzmlə yazdığı yaradıcılıq nümunələri dərc olunan Hacı Seyid Rza Əmirzadə, “Ləli” təxəllüsü ilə şeirlər yazan Mirzə Ağa Əli İrəvani, “Zari” təxəllüsü ilə şeirlər yazan Mirzə Abbas Seyid Rza Sabir və digər ziyalılar barədə ətraflı məlumatlar təqdim olinur. 

İrəvan mühiti ancaq şair, yazıçı, tərcüməçi, rəssam, xəttat və digər sənətkralarla məhdudlaşmır. O mühit 1782-ci ildə İrəvan şəhərində anadan olan, 20 yaşında Qahirədəki Əl-Əzhər Universitetində oxumağa gedən, 20 il Qahirədə mükəmməl təhsil alan, Şərq tarixinə, dini elmlərə dair əsərlər yazan, İsfahan və Təbriz şəhərlərində axundluq edən, İrəvandakı Göy məscidin baş axundu olan, Qafqazın ikinci Şeyxülislamı 

Müctəhid Fazil İrəvani kimi nadir dini xadimlər tərəfindən zənginləşmişdir.

İrəvan ədəbi mühitində ziyalılar Bakıda nəşr olunan “Əkinçi”, “Ziyayi-Qafqaziyyə” qəzetləri, “Kəşkül”, “Molla Nəsrəddin”, “Füyuzat” jurnalları ilə fəal əməkdaşlıq edirdilər. 1914-cü ildə İrəvanda həftəlik “Lək-Lək” (“Leylək”) satirik jurnalı, 1917-ci ildə isə “Bürhani həqiqət” jurnalı işıq üzü gördü. 

Qərbi Azərbaycanda yaranan və formalaşan maddi-mənəvi dəyərlərin geniş arealı bunlarla bitmirdi. Həmin coğrafiyada xalq tamaşalarının müxtəlif forma və məzmunda təqdimatının minilliklərlə ölçülə biləcək yaşı və onunla bərabər ənənələri formalaşıb. Bu tamaşalarda geniş yayılmış toy, yas, bayram mərasimlərində dramatik növün xüsusiyyətləri ifadə olunurdu. Onlar arasında “Kosa-kosa”, "Qodu-qodu", “Qasım otağı” və digər tamaşalar Qərbi Azərbaycanın bütün coğrafiyasında populyar idi. Bu, bütün xalqlarda olduğu kimi, qərbiazərbaycanlılarda da peşəkar teatra gedən yol idi. XIX əsrin 80-ci illərində irəvanlı ziyalı Məşədi İsmayılın "İrəvan xanı və Novruz bayramı" məsxərəsi əsasında hazırlanaraq təqdim edilən tamaşa peşəkar teatr yolunun başlanğıcı oldu. Ardınca İrəvan gimnaziyası şagirdlərinin təqdimatında Vasaq Mədətovun (Nəzmi) "Tamahkarlıq düşmən  qazanır", "Qırt-qırt" "Tamahkarılq düşmən qazanır", nəhayət, Firudin bəy Köçərlinin təşəbbüsü ilə M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının oynanılması İrəvanda peşəkar teatrın yaradıldığı tarix kimi əbədiləşdi. 

Ümumilikdə xalqımızın həmin dövr tarixinə şərəfli səhifələr yazılırdı. Müxtəlif incəsənət, ədəbiyyat, rəssamlıq, hərb sənəti və digər peşələr üzrə ciddi insanlar nəsli yetişirdi. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Əbülqasım İrəvani, İsa Sultan,  Mirzə Məhəmmədvəli Qəmərlinski, Mirzə Əli Qəmərlinski, Abbas Məhəmmədzadə, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Teymur xan Makinski, Pənah xan Makinski, Rəşid bəy İsmayılov, İbrahim Novruzov, Əlixan İrəvanski, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Həbib bəy Səlimov, Eynəli bəy Sultanov, Mirzə Cabbar Məmmədzadə və başqaları bütövlükdə Azərbaycan üçün unudulmaz xidmətlər göstərən insanlar kimi yaşayacaqlar. Onlar xalqımızın bu gün sahib olduğu mənəvi dəyərlərin yaradıcıları sırasında yer alan insanlardan az bir hissəsidir. 

Mahirə Hüseynova

Filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru

 





Sosial həyat