TAİB Şəkidə "Ətraf mühit və yaşıllaşdırma" mövzusunda konfrans keçirdi - COP 29-a ictimai dəstək

post-img

Bu gün Şəkidə Türk Ağsaqqalları İctimai Birliyi -TAİB və Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki Filialının birgə təşkilatçılığı ilə "Təmiz ətraf mühit və yaşıl artım prosesində gənclərin iştirakı" mövzusunda konfrans keçirilib.

ADPU Şəki Filialının akt zalında 200 nəfərin iştirakı ilə keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Konfrans işrirakçılarını salamlayan Filialın direktoru Vurğun Məmmədov ətraf mühitin qorunması və yaşıllaşdırma prosesində gənclərin iştirakının vacibliyindən danışaraq, Ulu Öndər Heydər Əliyevin yaşıllığın mühafizəsi və ağac əkimi məsələlərinə xüsusi həssaslıqla yanaşdığını xatırladıb.

Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev TAİB-in ictimai təşkilat olaraq ətraf mühitin qorunması mövzusunda konfrans təşkil etməsini yüksək qiymətləndirdiyini vurğulayaraq yaşıllaşdırma istiqamətində İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlərdən danışıb.

TAİB sədri, akademik Sudeif İmamverdiyev   torpaqlarımızın işğalı dövründə ermənilərin meşələrimizə və ümumən təbiətimizə qarşı vandallıq aksiyaları törətməsindən danışaraq, hazırda dirçəldilən Qarabağ və ətraf rayonlarda sürətli yaşıllaşdırma işləri aparıldığını vurğulayıb.

S.İmamverdiyev Azərbaycanda dövlət proqramları əsasında regionlarda yaşıl zonaların da yaradılmasından söz açaraq qeyd edib ki, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması, dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir.

TAİB sədrinin müavini, Bakı şəhəri Yaşıllaşdırma İstehsalat İdarəsinin sabiq rəisi Eyvaz Hünbətov bu il ölkəmizdə keçiriləcək COP 29-un əhəmiyyətindən söz açaraq son illər Azərbaycanda ağacəkmə prosesinin böyük vüsət aldığını vurğulayıb və gəncləri ətraf mühitin mühafizəsi işində fəal olmağa çağırıb.

ADPU-nun Şəki Filialının müəllimi Səadət Feyzullayeva konfransda müzakirə olunan məsələləri əhatə edən geniş təqdimatla çıxış edib.

Tədbirin ikinci hissəsində ADPU-nun Şəki Filialının baş müəllimi, AYB-nin Şəki Şöbəsinin rəhbəri, şair, tədqiqatçı Vaqif Aslanın yaradıcılığına və yeni tədqiqatlarına diqqət yönəldilib.

TAİB üzvü, şair Zakir Ağdamlının Vaqif Aslanın yaradıcılığı barədə geniş çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda COP 29-a həsr olunmuş videoçarx nümayiş olunub.





























Sosial həyat