Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 39-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev, İrpen şəhərinin meri Oleksandr Markuşin, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi və yerli media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsinə ehtiram ifadə olunub.
Akademik Zərifə Əliyeva adına 12 saylı humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko çıxış edərək bildirib ki, hər il olduğu kimi, bu gün də Zərifə Əliyevanın xatirəsi ehtiramla anılır.
“Mən çox xoşbəxt insanam ki, daim qəlbimdə Azərbaycan, Bakı, Naxçıvan, Şahtaxtı sevgisi var. Azərbaycanın görkəmli qızı Zərifə Əliyeva həm də Ümummilli Lider Heydər Əliyevin silahdaşı və etibarlı dostu, bu ölkəyə Lider, Prezident bəxş edən gözəl anadır. Biz bu gün Zərifə Əliyevanın adını daşıyan parkda onun əziz xatirəsini yad etdik. Mən buraya məktəbin şagirdləri ilə gəlmişəm. Çünki Zərifə Əliyeva həm də ukraynalılar üçün doğma və əzizdir”, - deyə Valentina Antonenko əlavə edib.
Sonra məktəbin şagirdləri Azərbaycan dilində dostluq şüarları, “Azərbaycan” şerini səsləndiriblər.
Anım tədbirində çıxış edənlər Zərifə Əliyevanın zəngin həyatından və fəaliyyətindən danışıblar.
Daha sonra qonaqlar Zərifə Əliyeva adına 12 saylı orta məktəbə gedərək akademikin adını daşıyan muzeylə tanış olublar.
İrpen şəhərinin meri Oleksandr Markuşin AZƏRTAC-a açıqlamasında bildirib ki, Zərifə Əliyevə insanlara kömək edən, işıq verən parlaq, əziz insan olub. O, dünyada tanınmış oftalmoloq olub. İrpendə hər zaman olduğu kimi, bu gün də görkəmli oftalmoloq-alimin xatirəsi böyük hörmətlə anıldı.