Təbiətin yaz süfrəsi

post-img

Yazda torpağın sinəsindən təzə cücərtilər dənzərən kimi kənd yerlərində deyirlər ki, kasıbın çörəyi çıxdı. Köhnə kişilər danışırdılar ki, aclıq-qıtlıq vaxtı çox adam çöldə-düzdə bitən ot-pencəri yeyə-yeyə xilas oldu.

Torpaq qar yorğanını üstündən atan kimi, bə­növşə çıxan vaxtlarda ilkin olaraq incələn qoz ağızları dada gətirir. Onun dalınca da hər birinin öz dadı-tamı olan digər bitkilər çıxmağa başlayır: quşəppəyi, qazayağı, quzuqulağı, qırxbuğum, qulançar, bağayarpağı, qanqal, əvəlik, yemlik, kətəsaqqalı, pərpətöyün, cincilim, dağ keşnişi, yarpız, nanə, qıcı, şüyüd, vəzəri, cəfəri... Obrazlı desək, elə bil ana təbiət nəhəng bir göy-göyərti süfrəsi açır.

Tənəyin, böyürtkənin təzə çıxan zoğları, fın­dığın təzə açılan yarpaqları da kənddə yaşayan­ların yaz azuqəsidir. Yal-yamacda bitən qanqalın özəyini tikandan təmizləyib yemək, yəqin ki, hər kəs üçün əvəzolunmaz təamdır. Axı yüz illər boyu indiki iynə-dərmanlar olmayanda babalarımız bu bitkilərlə müalicə alır, sağlamlıqlarını onların vasitəsi ilə qoruyurdular. Elə bil onda insanlar həkimin, dava-dərmanın nə olduğunu da xatırla­mırdılar. Bəlkə də, indi həb kimi, iynə kimi qəbul etdiyimiz vitaminlər elə həmin nemətlərin tərkibin­də olduğuna görə ağrı-acının nə olduğunu bilmir­dik.

Təbiətin bu gözəl nemətləri mətbəxə də gəlib çıxdı. Yaz gələndən nənələrimizin dovğa qazanı ocağın üstündən düşməzdi. Sacın üstündə çiriş kətəsini o yan-bu yana çevirər, qazanda buğla­nan göy-göyərtinin xoş ətri aləmi başına götürər­di.

Bitkilərdən, göy-göyərtidən hazırlanan yemək­lərin adını saysaq, yəqin ki, uzun bir siyahı alınar: qatıqlı aş, çiriş kətəsi, kükü, çoban dürməyi, şü­yüdlü aş, şüyüd dolması, buğlama, ispanaq qo­vurması, köməc qaynatması, əvəlikli umac, səbzi qovurma, qutab, dovğa, ayranlı aş...

Süfrədə hər xörəyin öz dadı, öz ləzzəti var. Amma ana təbiətin açdığı süfrədəki orqanik nemət və yeməklərin yerini heç nə verə bilməz…

Süleyman QARADAĞLI

Sosial həyat