Naxçıvan Muxtar Respublikasında Çanaqqala şəhidlərinin xatirəsi yad olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türk tələbələr iştirak ediblər.
Mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub, Şəhidlər xiyabanını ziyarət ediblər. Torpaqlarımızın azadlığı naminə canını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanda ucalan “Ana” heykəli qarşısına tər güllər düzülüb.
Türk konsulluğunun konfrans zalında davam edən tədbirdə əvvəlcə Çanaqqala şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra şəhidlərin ruhuna müqəddəs "Qurani Kərim"dən ayələr oxunub, dualar edilib.
Anım tədbirində çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi, xalqımızın, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür: "Tarixi qəhrəmanlıqlarla dolu olan millətimiz 109 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Bununla yanaşı, Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən bu döyüş Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin yaratmışdır. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır".
Sonra Çanaqqala zəfəri ilə bağlı videoçarxlar nümayiş olunub, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxış edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələr tərəfindən böyük zəfərə həsr olunmuş şeirlər səsləndirilib.