Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi ciddi şəkildə müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi məsələsi aktualdır. Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir.
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzində qohum nikahlarla bağlı ictimai müzakirə zamanı Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov dedi.
Dövlət rəsmisi bildirdi ki, uzun illər aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir. Xəstə və əlil doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu, genefondumuza və gələcəyimizə mənfi təsir edəcək.
Rizvan FİKRƏTOĞLU
XQ