Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və “Xalq qəzeti”nin birgə təşkilatçılığı ilə Sosial Tədqiqatlar Mərkəzinin binasında qohum nikahlarla bağlı ictimai müzakirə keçirildi.
Tədbirdə təşkilatçı qurumların rəhbərləri, millət vəkilləri, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak etdilər.
Qeyd olundu ki, qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, bizim cəmiyyətdə də narahatlıq doğuran aktual ailə məsələlərindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüflər olsun ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür.
Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövtlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363 , 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub. Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
Bu aktual və mühüm ailə problemi ilə bağlı beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasının qadağan edildiyi məlum olmuşdur.
Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohum evliliyinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur.
Rizvan FİKRƏTOĞLU
XQ