Yel kimi keçməsin vaxt üstümüzdən

post-img

SAAT – zaman tərəzisi...

Gündə neçə dəfə onun əqrəblərinə baxıb vaxtı tarazlayırıq, gündə neçə dəfə gözümüzü onun rəqəmləri üzərində gəzdiririk, demək çətindir. Yanımızda, üstümüzdə olmayanda kimdənsə soruşmaqdan da çəkinmirik:

– Saat neçədir?.. Bəs nədir bizi ona bağlayan sehr, onunla hesablaşmağımız?

Bəlkə də burda sehr axtarmağa dəyməz. Ən azı ona görə ki, hamımız ondan asılıyıq, bir az da sərt desək, hamımız onun əsiriyik. Saat günü, ayı, ili, vaxtı, zamanı göstərir. Zaman isə böyük qüvvədir. Necə ki, klassik alman filisofu Hegel deyirdi: “Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır”.

Saat vaxtı ölçən yeganə cihazdır. Onun əqrəbləri fırlandıqca, zəngi çalındıqca, harasa tələsirik, harasa geicikirik. Amma əqrəblər hər­ləndikcə bizə ayrılan ömür möhləti də daralır...

Keçmişlə gələcəyi, dünənlə sabahı, olmuş­larla olacaqları qovuşduran zaman saatı… Ona boyun əyməyən varmı?

Məşhurlardan birinin vaxt haqqında maraqlı fikri var: “Dünyada ən yaxşı müəllim vaxtdır, heyf ki, o, öz tələbələrini tez öldürür”.

Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin misralarıdır:

Saatı olmayan tez saat alır,

Qızıldan, gümüşdən ona bağ salır.

Daha düşünmür ki, ömür azalır

Saat fırlandıqca hər bu dünyada...

Heç məşhur olmayan bir şairin də misraları yadımda qalıb:

Bir vaxt vaxt gəzirdim vaxt öldürməyə,

İndi vaxt tapmıram vaxtı bölməyə...

Vaxt bu dünyada ən qiymətli sərvətdir. Əslin­də İslam dünyasının müqəddəslərindən sayılan imam Əlinin (ə) dediyi kimi, hər kəs ata-anasın­dan daha çox doğulduğu zəmanın övladıdır.

Yazıçı Seyran Səxavətin “Qaçaqaç” romanında belə bir cümlə var: “Saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, gün­lər həftələri, həftələr ayları, aylar illəri, illər də əsr­ləri doğurdu – bu, Zamanın döl kampaniyası idi...”

Bir gün filosoflardan birinin oğlu ona sual ve­rir: 

– Ata, biz hər gün xoruzun ban səsini eşidirik, məgər bu sabahın açılmağına işarədir? 

Ata cavab verir ki, yox, ay oğul, biz xoruzun ban səsini səhər də, günorta da, axşam da eşidə bilərik. Xoruzun ban səsi bizə xəbərdarlıq edir ki, ayılın, ey insanlar, ömrümüzdən bir gün də keç­di...

Süleyman QARADAĞLI

Sosial həyat