Dağdağan – qadaboğan

post-img

Ona hər yerdə rast gəlmək olur: yolların kənarında, çayların qırağında, dərələrdə, yamaclarda da, hətta qayanın qaşında. Hətta sal daşı yarıb çıxdığı da olur. Adından da göründüyü kimi, dağdağan, əsasən, dağlıq bölgələrdə bitir. 

Sağlam və bərk gövdəsi, cod yarpaq­ları, nazik qabıqlı meyvələri olur. Ağacın qol-budağı qırılanda tez qaynayıb bitişir. Dağdağanın kökləri çox dərinə getdiyin­dən quraq yerlərdə uzun müddət susuz yaşaya bilir. Yarpaqları ağzı daladığın­dan heyvanlar onu yemir. Dağdağan qədimdən el arasında müqəddəs sayılır, onu kəsmək, yaralamaq günah hesab edilir. Dağdağana xalq arasında qadabo­ğan da deyilir.

Qədim bir rəvayətdə deyilir ki, kənd­də bədnəzərliyi ilə ad çıxaran bir kişi var­mış. Onun nəzərindən hələm-hələm heç nə yayınmazmış, gözü sataşdığı daş da çatlarmış. Bir gün kişi kənddə cütə qoşu­lan kök öküzə “nəzər salır” və güman edir ki, öküz partlamaya düşüb canını tapşıra­caq. Oğlunu öküz sahibinin evinə göndə­rir ki, tələf olan heyvanın ətindən onlara da alıb gətirsin. Uşaq evə əliboş qayıdır. Atası oğlundan nə üçün ət almadığını soruşanda deyir: öküzün boyunduruğu dağdağandan imiş...

Bu əhvalatdan da göründüyü kimi, dağdağan bəd nəzər, yaman göz və sədəmədən qoruyan ən sınanmış bit­ki hesab olunur. Onu tez-tez göz dəyən uşağın bələyindən, kənd yerlərində hey­vanın boğazından və həyət darvazasının girişindən asırlar. İllərin sınağından çıx­mış inama görə, dağdağanda bəd nəzər­dən qoruma xüsusiyyəti var. Hətta bəzi yerlərdə onu ocaq, pir kimi qəbul edərək budaqlarına müxtəlif parça və kəndir bağlayıb niyyət edərlər. Kənd yerlərində dağdağanın iri qanadlarından beşik asar, budaqlarından təsbeh və uşaqların boğa­zından asmaq üçün muncuq düzəldirlər. Qədim zamanlarda öküzü cütə qoşmaq üşün boyunduruğunu dağdağandan düzəldərdilər. Belə istifadə üçün ağacın kəsilməsi günah sayılmazdı.

Dağdağan ağacının qəribə xüsusiy­yəti var, yaş vaxtı kövrək olduğundan onun budaqlarından səbət və cəvəran toxuyurlar. Çox vaxt üzüm tingini də dağ­dağan ağacının üstünə çıxarırlar. Ağacın sıx yarpaqları olduğuna görə kölgəsi qa­lın olur və günəş şüalarını buraxmır. Gö­rünür, elə bu keyfiyyətinə görə mal-qara çox isti havalarda dağdağan ağacının kölgəsinə sığınır. 

Ağzının dadını bilən kəs payıza dönəndə dağdağanın üstü qabıqla örtü­lü kiçik, amma çox dadlı meyvəsindən doymaz. Kənd uşaqları onu yığıb cib­lərinə doldurar və tum kimi ağızlarına atıb yeyərlər. Meyvələri hətta üstünə qar düşənədək ağacda qalır. Yerə töküləndə toyuq-cücə onunla yem kimi qidalanır. Dağdağanın budaq, yarpaq və meyvələ­ri müalicəvi əhəmiyyətə malikdir. Ayaq tərləməsi, yaraların sağalması, böyrək qumlarının tökülməsi, mədə ağrıları və öskürəyin kəsilməsi üçün dağdağandan istifadə edilir. 

Bütün bunlardan üstünü isə onun müqəddəs sayılması, insanı bəd nəzər­dən qoruması, dərman bitkisi kimi azar-bezara əlac olmasıdır. 

Süleyman HACIYEV

Sosial həyat