Profilini göstər, sənin kim olduğunu deyim!

post-img

Belə bir atalar sözü var: Dostunu göstər, sənin kim olduğunu deyim. Əvvəllər bunu o qədər çox dərindən anlamırdım. Düşünürdüm ki, görəsən, bu məsəl nəyi nəzərdə tutur ? Necə yəni, dostunu göstər. Elə mənim özümə baxıb kim olduğumu müəyyən eləmək çətindir ki? 

İllər keçdikcə məsəlin nə qədər ciddi və sanballı fikir olduğunu dərindən anladım. Hə, demək ağıllı adamsansa ağıllıyla dostluq edərsən hər halda, ağlın yoxdursa dəliylə… Necə deyərlər, bəyin bəy dostu olar, səyin də səy. Amma internet icad olunandan, sosial şəbəkələr həyatımıza daxil olandan sonra daha dostu göstərməyə də ehtiyac yoxdur. Elə həmin adamın paylaşımlarına baxsan, sosial şəbəkə profilini izləsən, onun kim olduğunu, necə deyərlər, hansı məzhəbə qulluq etdiyini tezliklə anlayacaqsan. İllərlə cəmiyyətdə özünü pərdələmiş insanın profilindəki 3-5 aylıq paylaşımlarını izləmək bəs edir ki, onu qismən tanıyıb qiymət verəsən. Hə, onu da əlavə edim ki, elə adamlar var ki, heç nə paylaşmır, ancaq müşahidə apardığı ilə fəxr edir. Hətta o da anlamır ki, nə qədər təhlükəli xarakterini ortaya qoyur. Yəni sosial şəbəkə elədir ki, burda ya varsan, ya da yoxsan. Profilin varsa, demək, sən virtual kimlik sahibisən.   

Ciddi deqradasiya uçurumu qapımızın ağzındadır. Bəlkə də fərqində deyilik, amma dəyərlərimizin necə sıradan çıxdığını görmək artıq adiləşib. Milli düşüncədən sapma, mənəvi dəyərlərdən qaçma, siyasi əxlaqsızlıq, ictimai tərbiyəsizlik bütün dərəcələri keçib. Əvvəllər fahişələr öz bədənlərini gizli satışa çıxarardılar, indi bu hər kəsin gözü önündə baş verir. Əvvəllər biri yalan danışında, xəbərçilik, çuğulluq edəndə, donos yazanda, kimisə söyüb təhqir edəndə, aqressiyasını çıxardanda, cəh-cəlalını, var-dövlətini göstərəndə məhdud dairədə edərdi, bunu özünə yaxın bildiyi çevrə ilə paylaşardı. Əvvəllər ailə sirlərini ən yaxşı halda məhrəm adamla bölüşərdilər. İndi bütün bunların hamısı sosial şəbəkədə həmin X adamın profilində ortalıqdadır. Utanmaq yox, qızarmaq yox! Görün, hardan hara gəlmişik. Vallah, ölümüzü qoyub dirimizə ağlamalı vəziyyətdəyik. Bir nəhəng varlıq, böyük qüdrət sahibi lazımdır ki, bizi silkələsin, özümüzə gətirsin. 

Əlbəttə, sosial şəbəkə bir dünya trendidir. Bununla işimiz yoxdur. Eyni zamanda, həyat yollarımızı və fəaliyyətimizi yönləndirən inkaredilməz virtual məfhumdur.  Amma daha bu qədər də yox. Hər şeyi qədərində etmək daha gözəl deyilmi? Bir insan niyə fiziki və ruhi cəhətlərini, keyfiyyət(sizlik)lərini öz profilində “like” hərracına çıxarmalıdır? Bir insan özünü niyə bu qədər məsxərə obyektinə çevirməkdən həzz almalıdır? Bax, bunu anlamaq olmur. Nədir bizi bizdən çıxaran? Yediklərimizmi, içdiklərimizmi, havamı, sumu? Nədir axı? Ucuz qeybət, qaragüruh, yüngül, şit polemikalar, özündə olmayanın əksini sübut etmə cəhdi  bütün sosial şəbəkələrdə at oynadır. Bu atın ipini yığmaq vaxtı deyilmi? Hər şeyi dövlət, inzibati əngəllər edəsi deyil ki? Dövlət etsə deyəcəksiniz ki, senzuradır, dövlət işimizə qarışır və s. Bəlkə özünüz edəsiniz? Bəlkə özünüzə gələsiniz, özünüzə çəki-düzən verəsiniz, kənardan necə göründüyünüzün fərqinə varasınız? Bir insana ən böyük məhdudiyyəti özü qoymalıdır. Bəlkə cəmi beş dəqiqənizi ayırıb bu barədə düşünəsiniz? 

Anar TURAN
XQ

Sosial həyat