“Güvənli gələcəyin ən yaxşısı”

post-img

Əmək və Əhalinin Sosial Müdafiə­si Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) Beynəlxalq Məlu­mat Korporasiyasının (IDC) “The IDC Future Enterprise Awards” müsabiqə­sində “Güvənli gələcəyin ən yaxşısı” kateqoriyası üzrə qalib seçilib.

Münsiflər heyəti ƏMAS barədə təq­dim olunmuş məlumatları təhlil edərək bu e-sistemi rəqəmsal etibarlılıqda ən yüksək standartlara cavab verən sistem kimi qiymətləndirib. ƏMAS-ın hökumət və vətəndaş cəmiyyəti institutları, özəl sektor və vətəndaşlar üçün uğurlu bir la­yihə olduğu xüsusi vurğulanıb. Müsabiqə rəqəmsal strategiyalar üzrə ən yaxşı təcrübələri bölüşmək, davamlı rəqəmsal həllərin tapılmasına yardımçı olmaq, gü­vənli e-layihələri önə çıxarmaq məqsədi daşıyır.

Müsabiqəyə İsveç, Almaniya, Birləş­miş Ərəb Əmirlikləri, Böyük Britaniya, İs­veçrə və Türkiyə də daxil olmaqla bir çox ölkələrdən 600-dən çox layihə təqdim edilib, onlardan 19-u, o cümlədən ƏMAS qaliblər siyahısında yer alıb.

Xatırladaq ki, 2022-ci ildə istifadəyə verilmiş “Əmək və Məşğulluq” altsistemi ötən il BMT-nin “Cənub-Cənub” əmək­daşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib. Bey­nəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu – 2023”-də isə ƏMAS “Çempion layihə” seçilib.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat