Prezident İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumatda bildirilir.
Qeyd olunur ki, qurum tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunmuşdur. Həmçinin şəhid ailələri, müharibə ilə əlaqədar əlil olanların mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara 6 min mənzil və fərdi ev, eyni zamanda, müharibə əlillərinə 500-dək avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Həmin kateqoriyadan olan 20 min 600 şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10 min 400 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Bundan başqa, vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 104 min şəxs müxtəlif xidmətlərdən yararlanıb. Ümumiyyətlə, postmüharibə dövründə qeyd olunan sosial paket 126 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 326 min xidmət göstərilib.
Zərifə HÜSEYNOVA
XQ