Ayağını Şuşaya verən ata...

post-img

Uşaq ona doğma olan ata ətrini boyunun güclə çatdığı atasının yarımayağından alır! 

Xalq şairi Ramiz Rövşənin “Qapı” poeması var. Ana mü­haribədə bir cüt ayağını qurban verən oğlunu qarşılamağa çıxır. Baxır ki, oğlunun boyu kiçilib. Elə bilir ki, oturub, onu ayağa qaldırmaq istəyir.

Amma nə oturmaq? Onun oturmağı da bu idi, durmağı da.

Oğul gəlib dizinəcən, 

Hanı dizdən aşağısı?!

Oğlunun boynuna dolan­maq üçün uzanan ana qolları göydə qalır...

Yazıçı İradə Aytelin “Şuşa­mın ayaqları” adlı gözəl bir he­kayəsi var. Uşaq müharibədən yarımcan gələn atasından aya­ğının niyə olmadığını soruşur.

Ata: – Şuşaya vermişəm, oğlum, – deyir.

– Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb?

– Şuşanın ayaqlarını düş­mənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim.

Ata ona izah edir ki, Şahin əmi qollarını, Elmaz əmi gözlə­rini Şuşaya verib. Ona görə ve­rib ki, Şuşa əlsiz-qolsuz, ayaq­sız, gözsüz qalmasın.

Şükür ki, Şuşa indi görür, yeriyir və güclü qolları var.

Oğullar öz canlarından Şu­şaya pay veriblər – biri ayağını, biri qolunu, biri gözünü.

Təki Vətən yaşasın...

Süleyman QARADAĞLI

Sosial həyat