Ombudsman Aparatında ötən ilin yekunları müzakirə edilib

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği sahəsində görülmüş işlərlə bağlı Ombudsman Aparatında 2023-cü ilin yekunlarına dair müşavirə keçirib.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, müşavirədə 2023-cü ildə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, ombudsmana ünvanlanan şikayət və müraciətlər, müxtəlif əhali qruplarının hüquqlarının təmini, habelə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində işgəncə və pis rəftar hallarının qarşının alınması ilə bağlı həyata keçirilən işlər barədə müzakirələr aparılıb, hesabatlar dinlənilib.

Müşavirədə ombudsman haqqında Konstitusiya Qanununa edilən dəyişikliklər əsasında müvəkkilin yeni funksiyalarının icrası istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.

Postmüharibə dövründə regionda yaranmış yeni reallıqlar fonunda insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, həmçinin Ermənistanın uzun illər azərbaycanlılara qarşı davam etdirdiyi etnik təmizləmə və nifrət siyasətinə son qoyulması ilə bağlı ötən dövr ərzində ombudsman tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, həmçinin aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına ünvanlanan hesabatlar və bəyanatlar barədə məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın işğalı dövründə ərazilərimizdə basdırılan minalar insanların həyat və sağlamlıqları üçün ciddi təhdid olaraq qalmaqdadır. Ermənistanın beynəlxalq hüququn kobud şəkildə pozulması ilə nəticələnən bu və digər əməlləri ilə bağlı beynəlxalq platformalarda məsələ qaldırılmasının ötən dövrdə də prioritet istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.

Müşavirə zamanı qarşıda duran vəzifələr müzakirə olunub, struktur bölmələrə müvafiq tapşırıqlar verilib, o cümlədən ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnun təmini istiqamətində həyata keçiriləcək tədbirlər barədə danışılıb.

Sonda Səbinə Əliyeva cari ildə insan hüquqlarının daha səmərəli müdafiəsi, MPM qismində fəaliyyəti və digər prioritet istiqamətlər, beynəlxalq əməkdaşlıq və sair sahələrdə fəaliyyətin inkişafına və daha da təkmilləşdirilməsinə dair tövsiyələrini verib.

Sosial həyat