Ağstafada abadlıq-quruculuq işləri geniş vüsət alıb

post-img

Son illər Ağstafanın siması xeyli dəyişib. Burada aparılan abadlıq-quruculuq işləri istər mərkəzi şəhəri, istərsə də rayonun kənd və qəsəbələrini xeyli gözəlləşdirib.

Hazırda uzunluğu 1,3 kilometr olan Heydər Əliyev prospektində yeni asfalt-beton örtük qatının salınması üçün aparılan yenidənqurma işləri artıq tamamlanmaq üzrədir. Həmçinin, prospektin piyada səkilərinin döşəməsi müasir dekorativ tamet plitələrlə əvəz olunur.

Rayon icra hakimiyyətindən bildirdilər ki, bütün bu işlər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq aparılır və bundan sonra da davam etdiriləcəkdir. 

Prospekt və küçələrin əsaslı təmiri işləri çərçivəsində Ağstafa şəhərinin daha üç küçəsinə - Sabir, Xətai və Mərdan Əsgərov küçələrinə asfalt-beton örtük qatı salınmışdır. Küçələrdə müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Bu işlərin davamı olaraq Əmrah Əhmədov, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində, həmçinin Rafiq Alıcanov küçəsinə aid döngədə asfalt-beton örtük qatının salınması üçün hazırlıq işləri davam etdirilir.

 

Hamlet QASIMOV, 

XQ-nin bölgə müxbiri, Ağstafa













Sosial həyat