Londonda Heydər Əliyevin 100 illiyi qeyd olunub

post-img

London şəhərində yerləşən məşhur “Chelsea Old Town Hall” bələdiyyə binasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

XQ xəbər verir ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin, yerli ictimaiyyətin, ölkəmizə dost xalqların icmalarının nümayəndələri, soydaşlarımız, “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdləri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Azərbaycanın və Birləşmiş Krallığın Dövlət himlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndərin Londona səfərini, Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışlarından fikirlərini əks etdirən videoçarx və Azərbaycan Diasporuna Dəstək Fondunun dahi şəxsiyyətə həsr etdiyi “Böyük sənət hamısı” sənədli filmi nümayiş etdirilib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova xatırladıb ki, 1994-cü ildə Azərbaycan icması ilə ölkəmizin Böyük Britaniyadakı səfirliyində görüşü zamanı Heydər Əliyev soydaşlarımızı öz övladlarına dilimizi, tariximizi, musiqimizi, Azərbaycan laylalarını öyrətməyə çağırıb. Onun 100 illiyinə həsr olunmuş tədbirin Heydər Əliyevin dəyərli tövsiyəsini əks etdirdiyini söyləyib. Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “Qoy, çaylarımız qurumasın, ağaclarımız kəsilməsin, çırağımız sönməsin! Yaşasın müstəqil Azərbaycan!” arzusunun ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirildiyi diqqətə çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində ulu öndərin 100 illik yubileyi böyük qürurla və təntənə ilə qeyd edilir. Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq ideologiyasının xalqın milli mənsubiyyətinə, mədəni dəyərlərinə söykəndiyi, soydaşlarımızın birləşmək əzmini gücləndirdiyi, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsinin bütün azərbaycanlıların qəlbini fəth etdiyi vurğulanıb. 

Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşı Rəşad Vahabzadə dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyətindən danışıb.  

Sonra “Qarabağ” məktəbinin şagirdləri və xalq artisti Gülyanaq Məmmədovanın ifasında rəngarəng konsert proqramı təqdim edilib. Sonda xalqımızı və dünya azərbaycanlılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən məktəblilərə sertifikatlar təqdim edilib.

Anar ƏLİ

XQ



Sosial həyat