Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyətində olan daha bir yenilik reklama intellektual nəzarət sisteminin yaradılmasıdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, reklam sahəsində də sürətli inkişaf gedir, müasir monitor tipli reklam qurğularına daha çox üstünlük verilir. Reklama intellektual nəzarət sistemi həmin növ qurğular üzərində tətbiq ediləcək.
Bunu ADRA Aparatının rəhbəri Nahid Qasımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə deyib.
"Açıq məkanda yayımlanan videomateriallarda informasiya təhlükəsizliyi yüksək diqqət tələb edir. Yeni sistemin yaradılması informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin sistemin tətbiqinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bundan başqa, açıq məkanda yayımlanan reklamlarda dövlət dilinin təbliğinə xüsusi diqqət ayrılır. Növbəti ilin əvvəlində dövlət dilinin təbliği ilə bağlı uzunmüddətli maarifləndirici sosial layihənin keçirilməsinə başlanılacaq.
Regionların reklam simasının yenilənməsinə də xüsusi diqqət ayrılır. Bu məqsədlə tərəfimizdən genişmiqyaslı layihə hazırlanıb. Növbəti ildə bu və ya digər layihələrin həyata keçirilməsi planlaşdırılır", - deyə N.Qasımov qeyd edib.