Naxçıvanda təhsil yeni mərhələdə

post-img

Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında islahatların keçirildiyi, innovativ yeniliklərin tətbiq olunduğu  əsas sahələrdən biri də təhsildir. Məqsəd bu sferada da əsaslı dönüş yaratmaq, pedaqoji heyətin peşəkarlığını  artırmaq, ümumtəhsil  məktəblərini  ixtisaslı müəllim və  yardımçı heyətlə  komplektləşdirmək, gələcəyimiz üçün geniş dünyagörüşlü, yüksək bilikli, milli  dəyərlərə bağlı vətənpərvər gənclik hazırlamaqdır. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov XQ-yə bu mövzuda açıqlamasına ilk dəfə olaraq təhsil müəssisələrində boş olan tədris-köməkçi heyət vəzifələrinə işə qəbul üzrə keçirilən müsabiqə haqqında məlumatla başladı: 

– Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirildi. Müsabiqəyə 126 vakant vəzifə çıxarılmışdı, test imtahanında isə 600-ə yaxın namizəd iştirak edirdi.  

Müsabiqənin test mərhələsində hər bir namizədə vəzifə üzrə 10, məntiq, dünyagörüşü, qanunvericilik və kompüter bilikləri üzrə 10 olmaqla – 20; təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələri üzrə hər bir namizədə vəzifə üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə isə 10 olmaqla – 30 sual təqdim edilmişdi. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilmişdi. Psixoloq vəzifəsi üzrə isə hər bir namizədə psixologiya üzrə 30, məntiqi təfəkkürün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyaları üzrə 5 olmaqla – 40 sual təqdim edilmişdi. Bu sualların cavablandırılmasına isə 80 dəqiqə vaxt ayrılmışdı. 

Müsabiqənin şəffaflığını təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilmiş, test imtahanını müşahidə etmək üçün Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, AMEA Naxçıvan Bölməsinin, yerli Teleradio Şurasının, ali təhsil müəssisələrinin nümayəndələri və digər qurumların müstəqil ekspertləri dəvət olunmuşdu. 

 Artıq müsabiqənin nəticələri yoxlanılaraq SMS vasitəsilə namizədlərin mobil telefonlarına göndərilib. Müsabiqənin test mərhələsində uğur qazanan namizədlər üçün komissiya müsahibə mərhələsi də təşkil edəcək. 

– Şübhəsiz, sonrakı mərhələdə ümumtəhsil məktəblərindəki digər boş vəzifələr belə obyekiv meyarlarla və aşkarlıq  şəraitində komplektləşdiriləcək.

– Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara və əldə edilən təctübəyə əsasən, tədris ili ərzində boş olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə  üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin də keçirilməsi nəzərdə ­tutulur. Müəllimlərin işə qəbul imtahanı da yeni qaydalar əsasında təşkil olunacaq.       

– Bu yaxınlarda Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə ilk dəfə olaraq təşkil etdiyiniz infoturun məqsədi nə idi, bu sahədə gözləntiləriniz nədir? 

– Bu toplantının təşkilində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərinin aparılması idi. Belə ki, dövlət proqramında muxtar respublikada digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində bir sıra hədəflər də müəyyənləşdirilib. Eləcə də özəl təhsil və tibb müəssisələrinin yaradılması nəzərdə tutulub.

İnfoturda iş adamlarının diqqətinə çatdırdıq ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin əksəriyyəti dövlət müəssisələridir. Bu sahədə özəl təhsil müəssisələrinin yaradılmasına da ehtiyac var. Digər bir sahə isə məktəbəqədər təhsil müəssisələridir. Məktəbəqədər təhsil müəssisələrində 4 minə yaxın uşaq təlim-tərbiyə alır. Naxçıvan şəhərində, rayon mərkəzlərində və əhalisi çox olan bir sıra kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. İş adamları bu sahəyə investisiya yatıra bilərlər. 

Bildirdik ki, Naxçıvanda özəl təhsil müəssisələri yaratmaq istəyən sahibkarlar üçün Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən hərtərəfli şərait yaradılacaq, onlara metodiki dəstək göstəriləcək. İnfoturda naxçıvanlı iş adamları ilə yanaşı, paytaxt Bakı şəhərindən də sahibkarlar iştirak edirdi. Onlarla geniş müzakirələr apardıq. İnanırıq ki, yaxın gələcəkdə iş adamları Naxçıvanda yeni özəl müəssisələr yaradacaqlar.

Müsahibəni hazırladı:
T.RÜSTƏMLİ
XQ

 

Sosial həyat