Danışır qurultay iştirakçıları

post-img

Başlıca məram təhsilin məzmununa müasir yanaşmanı təmin etməkdir

Azərbaycan müəllimlərinin XVI qurultayının hər bir iştirakçısının milli təhsilin daha da yaxşılaşdırılması və yeni çağırışlar müstəvisində görülməli olan işlər barədə özəl fikirləri var. Onlardan bir neçəsinin XQ-yə verdiyi müsahibələri təqdim edirik. 

Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru:

– Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz. Bir sözlə, bu iki istiqamət bir-birinə sıx bağlı şəkildə inkişaf etməlidir. İnteqrasiya həmişə olub. Sadəcə baxmaq lazımdır ki, irəliləyişə necə təsir edir. Elə formalar tapmaq lazımdır ki, inkişafyönümlü olsun və dövrün tələblərini ödəyə bilsin. 

Ölkəmizdə özəl sektor elmə maraq göstərmir, onun inkişafına yardımçı olmaq  istəmir. Özəl sektor sadəcə hazır layihəni icra etməkdə maraqlıdır. Bir tərəfdən bu, haradasa başa düşüləndir, onun kommersiya maraqları var. Odur ki, özəl sektora da müəyyən resurslar yönəldilməlidir. Belə olsa, onlar da elmin inkişafına töhfə verərlər.   

Elçin Babayev, Bakı Dövlət Universitetinin rektoru:

– Ali təhsil ocağı olaraq, əsas missiyamız ölkəmiz üçün savadlı kadrlar hazırlamaqdır. Düşünürük ki, ali məktəblərdə nəzəriyyə ilə təcrübə paralel olmalıdır. Burada əsas məsələ tapşırılan sahəni bilən ixtisaslı kadrların hazırlığıdır və bu, bizdə var. 

Təklif edərdim ki, magistraturaya qəbul zamanı istiqamətlər universitetlər arasında bölünsün. Məsələn, BDU fizika, riyaziyyat üzrə magistratura qəbulu aparsın, o biri  universitet də digər sahələr üzrə. Onda fərqli istiqamət üzrə resurslar da səmərəli paylanar. Elmin kommersiyalaşması üzərində də çalışılmalıdır. Fakültələr, kafedralar özləri qazanıb maddi rifahlarını yaxşılaşdırmalıdırlar. Biz təkcə baza maliyyələşməsi üzrə yox, həm də şaxələndirilmiş maliyyələşməyə diqqət ayırmalıyıq.

İradə Hüseynova, AMEA-nın­ ­vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru:

– Elm və təhsilin inteqrasiyasını olduqca zəruri hesab edirəm. BDU ilə direktoru olduğum institutun birgə işləri göstərir ki, bu, müsbət nəticələr verir. Universitetdə nəzəriyyə öyrənən tələbə biliklərini tətbiq etməklə formalaşır. Bu kimi təcrübələr artırılmalıdır. Elm və təhsili akademik səviyyə ilə yanaşı, həm də gəlir gətirən sahəyə çevirməliyik.

Nicat Məmmədli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müşaviri:

– Azərbaycan kimi ölkələrdə sahələr üzrə institutları universitetlərə gətirirlər və bununla elm və təhsilin inkişaf modeli yaradılır. Düşünürəm ki, tədrisin elmə gətirilməsi yaxşı deyil. Alim elmlə məşğul olursa, tədris etməyə vaxtı olmur, tədrislə məşğul olanın da elmlə məşğul olmağa. Digər tərəfdən, gənc nəslin elmə gətirilməsi olduqca yaxşı haldır. 

Elm gəncləşməklə yanaşı, inkişafdan da geri qalmır. Əslində, tədqiqat işləri daha çox universitetlərdə olmalıdır. Bu, inkişaf etmiş ölkələrin təcrübəsində də belədir və uğurlu nəticələrini verir.

Vüqar Əliyev, BDU jurnalistika ­fakültəsinin dekanı:

– Azərbaycan müəllimlərinin XVI qurultayı elm, təhsil camiəsi üçün kifayət qədər vacib və əlamətdar hadisədir. Tarixi 1906-cı ildən qoyulan bu qurultay, həm də bir ənənə halını alıb. İstər əsas hissədə edilən çıxışlar, istərsə də panellərdə qoyulan elm və təhsilə dair mövzular XXI əsrin çağırışlarına cavab verən bir çox məsələlərin həlli yoluna işıq salır. İnanıram ki, qurultayda qaldırılan bir çox məsələ qısa zamanda öz həllini tapacaq.   

Arzu Kərimov, Samux rayonu, ­Çobanabdallı tam orta məktəbin ­direktoru:

– Mən bu qurultaya Gəncə–Daşkəsən Təhsil İdarəsindən nümayəndə kimi qoşulmuşam. Hesab edirəm ki, Azərbaycan müəllimlərinin XVI qurultayı əvvəlki qurultaylardan tamamilə fərqlənir. Ən başlıca fərq qurultayın təhsilə, elmə daim yüksək önəm vermiş ümummilli lider Heydər Əliyevin 100 illiyində baş tutmasıdır.  Bir fərq isə budur ki, artıq ərazi bütövlüyümüz tam təmin edilib və işğaldan azad edilmiş rayonlardakı məktəblərin müəllimləri də qurultaya qoşulublar. Hər birimiz bundan hədsiz qürur duyuruq.     

Möhtərəm Preziodentimizin təbrik məktubunun oxunması və ardınca   dinlədiyimiz hesabatlar bizi çox sevindirdi. Görürük ki, əvvəlki illərlə müqayisədə çox böyük uğur və nailiyyətlər əldə etmişik. İnanıram ki, burada qoyulan yeni hədəflərə tezliklə çatılacaq.    

Ənvər Abbasov, Bakı Slavyan Universitetinin prorektoru:

– Əvvəlki qurultaylarda da iştirak edən bir müəllim kimi deyə bilərəm ki, bu dəfə daha çox inkişafı görürəm. Təhsilin müxtəlif sahələrində təməli Ulu öndər tərəfindən qoyulmuş islahatlar, irəliləyişlər var. Hazırda inkişaf o qədər sürətli gedir ki, bugünkü proqram sabah üçün aktuallığını itirə, marağı azalda bilər. Odur ki, bu günün təhsili daha dinamik olmalı, zamanın tələbləri ilə çevik şəkildə ayaqlaşmalıdır. Biz, həmçinin dünya təhsil sisteminə inteqrasiyadan geri qalmamalıyıq. 

Hazırladı: 
Rizvan FİKRƏTOĞLU 
XQ  

 







Son xəbərlər