Ümummilli Lider Heydər Əliyev anım günü – 20 il

post-img

“Tarixin gedişini dəyişən şəxsiyyət!”

Dekabrın 11-də Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunmuş “Tarixin gedişini dəyişən şəxsiyyət!” adlı anım tədbiri keçirilib.

Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının və respublikada fəaliyyət göstərən QHT nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə muzeyin rəisi polkovnik Əzizağa Qənizadə və tədqiqatçı baş elmi işçisi Vahid İsmayılovun, həmçinin A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Prezident mükafatçısı Hacı Həsənovun məruzələri dinlənilib. 

Qeyd edilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı istiqamətində misilsiz xidmətlər göstərib. Ölkəmizdə ordu quruculuğu prosesi də məhz Ulu öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə Azərbaycanın rəhbəri uzaqgörənliklə ölkəmizdə gənclərin hərbi təhsilə və xidmətə yönləndirilməsi üçün çox iş görmüşdü. 

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya onun layiqli davamçısı  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda  ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan bu gün  regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Vurğulanıb ki, ölkəmiz üçün ən müşkül problemə çevrilmiş, təxminən 30 il ərzində danışıqlar yolu ilə həlli tapılmayan Qarabağın işğaldan azad edilməsi məsələsi hərbi yolla həll edildikdən sonra Azərbaycan bu gün  inkişaf və tərəqqi yolunda inamla addımlayır. 
Çıxışlardan sonra bütün sahələrdə, xüsusilə Ordu quruculuğu, sosial, iqtisadi-siyasi, dövlətçilik məsələlərində Ulu öndər Heydər Əliyevin roluna dair müzakirələr aparılıb, mövzu ilə bağlı slayd və sənədli film nümayiş olunub.

Leyla QURBANOVA
XQ



Sosial həyat