Əməlləri hünər nümunəsinə çevrilən dahi

post-img

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın düşmən əsarətindən xilas olunması idi. Elə buna görə də dahi öndər xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdandan sonra torpaqlarımızın qəsbkardan təmizlənməsi üçün qətiyyətli addımlar atdı, olkənin rəhbəri kimi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olmasını tarixi faktlarla beynəlxalq ictimaiyyətə çatdırdı, Ermənistanın işğalçı siyasətini kəskin tənqid edərək, dünya güclərini onu bu yoldan çəkindirməyə çağırdı. Eyni zamanda, problemin sülh, danışıqlar vasitəsi ilə həllinə üstünlük verdi, düşməni dialoqla tarixi ədaləti bərpa etməyin faydalılığına inandırmağa çalışdı.   

Görkəmli dövlət xadimi Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliyi aradan qaldırmaq üçün siyasi mübarizə ilə bərabər, həm də müstəqil Azərbaycanın ordu quruculuğunun əsaslarını yaratmağı da diqqətdə saxladı. Ordumuzun peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təmin edilməsi istiqamətində önəmli tədbirlər gördü. Bunun üçün, ilk növbədə, respublika iqtisadiyyatını gücləndirməyin, bu sahədə inqilabi islahatların aparılmasının zəruriliyini dəfələrlə vurğulayaraq, həmin istiqamətdə əməli addımlar atdı. İstər siyasi, istərsə də iqtisadi-hərbi yöndə müəyyən işlərin vaxt baxımından səmərəliliyini gerçəkləşdirmək məqsədilə atəşkəs sazişini reallaşdırdı.   

Ümummilli lider Prezident seçkisi ərəfəsində  xalqımıza tarixi müraciətində cənab İlham Əliyevin namizədliyini dəstəkləməyi tövsiyə edərkən, Qarabağ münaqişəsi kimi müqəddəs bir istəyin gələcək dövlət başçımız tərəfindən uğurla yerinə yetiriləcəyinə inanırdı, belə bir çətin vəzifənin reallaşacağını irəlicədən görürdü. Ümumiyyətlə, dahi şəxsiyyət hələ o zaman tək Qarabağ probleminin deyil, digər taleyüklü məsələlərin də öz həllini tapacağına əmin idi. 

 Heydər Əliyev haqq dünyasına qovuşarkən dünyanın nəzərini bir daha Azərbaycana çəkə bildi. Bu, əbədi Azərbaycan liderinin xalqımız, yeni seçilmiş Prezidenti– siyasi varisi İlham Əliyev qarşısında daha bir xidməti oldu. Ona görə də heç kim Heydər Əliyevin tarixdə qalacağına şübhə etməsin. Çünki o, həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə və qələbələrdən,  xoşbəxt dəqiqələr və kədərli anlardan keçən, lakin bütün acılara, əzablara, məhrumiyyətlərə rəğmən, öz məramına çatan tarixi şəxsiyyətlərdəndir. 

Ulu öndər hər kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər nümunəsinə çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Məhz Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını vermiş, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Bütün bunlara görə onun müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

  Dahi şəxsiyyətin ölümündən 20 il keçir. Lakin ötən bu 20 ildə  o heç bir zaman yaddaşlardan silinmədi, zaman-zaman anıldı, adı təkrarlandı. Ulu öndərin xalqa bəxş etdiyi düşüncə azadlığını  millətin yaşından asılı olmayaraq, bütün zəkalı, savadlı  şəxsiyyətləri, sadə insanları hələ bundan sonra da dövlətimizin mənəvi və mədəni sərvəti kimi qoruyub saxlayacaqlar. 

 Heydər Əliyev bu millətin əbədi sərvəti, əbədi xəzinəsi, əbədi qazancıdır. Bunu xalqa, dövlətə 30 ildən çox  müddət ərzində xidməti sayəsində Azərbaycanı dünyada ucaltması ilə sübut etdi. Heydər Əliyev hətta dünyasını dəyişməsi ilə Azərbaycanı dünyaya tanıtdı. Həmin günlər xalqın öz liderinə olan sevgisinin nəticəsi idi ki, insan seli heç bir fikrə sığmayan möcüzə yaratmışdı.

Ömrünün son günlərində imza atdığı müraciətdə ulu öndər siyasi varisi  haqqında çox böyük  əminliklə, inamla  fikir söyləmişdi. Sanki 20 ildən sonra İlham Əliyevin Azərbaycanı işğaldan tam azad edəcəyini, köçkün düşmüş Qarabağ sakinlərinin doğma yurda dönüşünü təmin edəcəyini və bütün bunlara görə Azərbaycan xalqının sevimlisinə  çevriləcəyini bilirdi. Bəlkə də məhz həmin duyğular ulu öndərə bu sözləri diktə etmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyev xalqın və atasının ümidlərini doğrultdu, verdiyi sözə əməl etdi, Azərbaycanı 30 illik işğalın caynağından aldı. Yurd-yuva həsrətindən evsizlik ağrısını sağaltdı, insanların “köçkün” damğasını sildi. 

O insan xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra da yaşayır. Heydər Əliyev də Azərbaycan xalqının yaddaşına öz ideyaları, siyasi gücü və iradəsi, möhkəm qətiyyəti və mənəviyyat ucalığı ilə əbədi hopub. Biz xoşbəxtik ki, Heydər Əliyevlə bir zəmanədə yaşamış, onunla bir əsrdə doğulmuş, bu qurucu dövlət başçısının dövlətçilik ənənələrinin şahidi olmuşuq.

Vüsal BAYRAMOV,
iqtisad üzrə fəlsəfə doktoru

 

Sosial həyat