Daşkəsənin Rəsullu kəndində səyyar qəbul keçirilib

post-img

Yerlərdə vaxtaşırı keçirilən səyyar qəbullara son vaxtlar Daşkəsəndə də maraq artıb. Ölkə Prezidentinin tapşırıqlarına uyğun keçirilən bu görüşlərə maraq ona görə yüksəkdir ki, adamlar çətin relyefi olan ucqar kəndlərdən daha rayon mərkəzinə gəlmir, arzu və istəklərini, problemlərini elə doğma kəndlərində rayonun müvafiq struktur rəhbərlərinə çatdıra bilirlər. Xüsusilə qış aylarında bu görüşlərə xeyli sakin toplaşır.

Növbəti belə bir görüş Rəsullu kəndində oldu. Rayonun Qabaqtəpə kənd icra nümayəndəliyinin Rəsullu kəndindəki səyyar qəbulda RİH-in məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən böyük layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa işləri aparılan kəndlərdən, eləcə də şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstək və qayğıdan danışmış, quruculuq-abadlıq işlərindən söz açmışdır.

O, sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini göstərmiş və https://rih.gov.az/ platformasından istifadə olunmasını tövsiyə etmişdir.

Daha sonra kənd sakinlərinin yollara qum-duz qarışığı ehtiyatının toplanması, kəndə qaz xəttinin çəkilməsi, işlə təmin olunma, yanacaq üçün odun verilməsi, ərazidəki su keçidinin bərpası, mənzil növbəliliyi və digər fərdi məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin bəziləri yerində həll olunmuş, bir qismi nəzarətə götürülmüş, rayon rəhbərliyi tərəfindən müvafiq qurumlara tapşırıqlar verilmişdir.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri, 
Daşkəsən rayonu





Sosial həyat