Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq platformada

post-img

Prezident İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparılır, ölkəmiz bu sahədə mühüm institusional təşəbbüs olan ASAN brendinin müəllifidir. Həmçinin beynəlxalq əməkdaşlığa xüsusi önəm verilərək dövlətimiz dünyanın 160 qurumunu birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri olmaqla onun işində fəal iştirak edir, Azərbaycanın ədliyyə naziri IAACA-nın vitse-prezidentidir.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

IAACA tərəfindən korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin gücləndirilməsinə, bu sahədə fəaliyyətin əlaqələndirilməsinə və təcrübə mübadiləsinə dəstək göstərilir, digər dövlətlərin antikorrupsiya orqanları və beynəlxalq şəbəkələrlə əməkdaşlıq edilir. Həmçinin tədris maarifləndirmə və digər tədbirlər təşkil olunaraq dövlətlərin antikorrupsiya təcrübəsi təşviq edilir, bu məqsədlə qurumun sosial media platformasında maarifləndirici videoçarxlar nümayiş etdirilir.

Bununla əlaqədar Azərbaycanın ədliyyə naziri, Assosiasiyanın vitse-prezidenti Fikrət Məmmədov korrupsiya ilə mübarizəyə töhfə verən, dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış – “ASAN xidmət”in yüksək vətəndaş məmnunluğu doğuran və şəffaflığı təmin edən fəaliyyətindən bəhs edib.

Bununla bağlı IAACA-nın sosial media platformasında yayımlanan videoçarxda (https://fb.watch/oFpIz4No3j/?mibextid=9R9pXO) ASAN mərkəzlərinin fəaliyyəti, müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara, o cümlədən səyyar qaydada göstərilən 400-dən çox xidmət barədə ətraflı məlumat verilir.

Bildirilir ki, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır, bu təşəbbüs beynəlxalq səviyyədə tanınır və Azərbaycanın “ixrac edilən” brendinə çevrilmiş ASAN modeli artıq digər dövlətlər tərəfindən tətbiq olunur. “ASAN xidmət” BMT-nin bir sıra təltiflərinə, habelə cari ildə 10-cu Dünya Hökuməti Sammitində “Dünyanın ən yaxşı hökumət xidməti” mükafatına layiq görülüb.

IAACA tərəfindən Azərbaycanın təşəbbüskarlığı və bölüşdüyü təcrübəsi maraqla qarşılanaraq təqdir olunub.



Sosial həyat