AQTA uyğunsuzluqlar aşkar edilmiş üç ictimai-iaşə müəssisəsində yenidən yoxlamalar keçirdi

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində plandankənar yoxlama tədbirlərini davam etdirir.

Bu gün jurnalistlərin iştirakı ilə agentliyin əməkdaşları tərəfindən uyğunsuzluqlar aşkar edilmiş ictimai-iaşə müəssisələrində yenidən plandankənar yoxlamalar həyata keçirilib. Monitorinq tədbirləri paytaxtın Binəqədi, Yasamal və Nərimanov rayonlarını əhatə edib.

AQTA-nın Bakı Regional bölməsinin böyük məsləhətçisi Nigar Abdullayeva yoxlamaların nəticəsi barədə jurnalistlərə bildirib ki, Binəqədi rayonundakı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki-normativ aktların tələblərinə riayət edilməməsi müəyyən edilib.

N.Abdullayeva obyektin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyini və saxlama müddəti ötmüş qida məhsullarından istifadə edildiyini bildirib. Eyni zamanda, müəssisədə çalışan işçilərin ilkin dövrü tibbi müayinədən keçmədən fəaliyyət göstərdiyi də aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub.

Yasamal rayonunda fəaliyyət göstərən dönərxanada isə istehlakçılara təqdim edilən mal və toyuq ətindən hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizliyini təqdim edən sənədlərin yoxlamaya təqdim edilmədiyi müəyyən edilib. Həmçinin bu halın digər qida məhsullarını da əhatə etdiyi, obyektdə çalışan işçilərin münasib təmiz geyimlərlə təmin edilmədiyi, alət və ləvazimatların, qida məhsullarının yuyulması üçün ayrı-ayrı yuma çanaqlarının ayrılmadığı müəyyən edilib.

Agentlik rəsmisi müəssisədən götürülən qida nümunələrinin laboratoriyaya təqdim ediləcəyini, həmçinin obyektin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq qərar qəbul ediləcəyini vurğulayıb.

Nərimanov rayonundakı dönərxanada isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməməsi, həmçinin burada hazırlanan dönər məhsulunda sınaq nəticəsində uyğunsuzluqlar aşkar edildiyinə görə fəaliyyətinin məhdudlaşdırıldığı qeyd edilib.





Sosial həyat