“Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir”.
Bunu “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrından bu günədək 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Azərbaycan minaların təmizlənməsi ilə davamlı inkişaf məqsədlərinə nail olunması arasındakı əlaqənin əhəmiyyətini dərk edir. Bu məqsədlə, biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə spesifik milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, minalarla mübarizənin prioritet təyin edilməsi ilə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qlobal miqyasda bölüşdürülməsini təklif edirik”,-deyə V.Süleymanov bildirib.