Xatından Xocalıya

post-img

Öncə həmkarlarımın suallarına cavab 

Mən “Minsk şəhərinə gedirəm” – deyən­də həmkarımız İlqar Həsənovdan belə bir sual eşitmişdim: “Hansı səfərə getsən, iki sözündən biri “Turan sevdalıları”, “Turana gedən yol” , “Turanın sabahı” ifadələri olur. Bəs Minskdə nədən yazacaqsan?” Demiş­dim ki, ona, orada baxarıq. Gəldim, baxdım, gördüm və Turan ideyasını dəstəkləyənlərə baş əyərək, onları alqışladım. Allah onları bəd nəzərdən qorusun! 

Bu şükranlığıma səbəb olan fakt ondan ibarətdir ki, imperialist qüvvələrin, “Par­çala, hökm sür!” siyasətini yürüdənlərin iki qardaş slavyan xalqının yaratdığı, bəşər tarixində xüsusi yeri olan – Rusiya ilə Uk­rayna dövlətləri arasına saldığı nifrət, rəxnə elə qanlı fəsadlar törədir ki, üçüncü qar­daş – Belarus da müharibədə olmasa belə, Moskva və Kiyevdən az əzab çəkmir. Bunu hava limanındaca tanış olduğum Maksim adlı taksi sürücüsündən tutmuş, hamının əh­val-ruhiyyəsində gördüm. Burada Rusiyanı və ya Ukraynanı birmənalı şəkildə müdafiə və ya ittiham edən kimisə görə bilməzsən. Necə müdafiə və ya ittiham etsinlər ki, “da­laşanların” hər ikisi öz qardaşlarıdır. Allah iraq eləsin! Ona görə də, İlqar Həsənov, türkdilli ölkələrin Turan Birliyi haqqındakı arzularını dəstəklə. 

Digər həmkarım Zərifə Bəşirqızı isə mənim bu səfərim haqqında eşidəndə “daha güclü arqumentlə” çıxış eləmişdi: “Sən neçə illərdir Minsk qrupunu “ağ yuyub qara sərirsən”, onların ünvanına “oxumadı­ğın bayatı” ( mən daim yazmışam, bu bayatı oxumaq fikri haradan yarandı?) qalmayıb. İndi nə üzlə ora gedirsən?”

O suala indi cavab verirəm. Vladimir Sankeviç adlı bir həmsöhbətim dedi ki, ötən əsrin doxsanıncı illərində Minsk şəhərinin adına yazılan iki lüzumsuz sənəd var idi ki, onların heç birinin Belarus xalqına, dövlə­timizə və Minsk şəhərinə qətiyyən dəxli yox idi. Birincisi 1991-ci il dekabrın 8-də SSRİ-nin ləğv edilməsi barədə RSFSR rəh­bəri Boris Yeltsin , Ukrayna rəhbəri Leonid Kravçuk və Belorusiya rəhbəri Stanislav Şuşkeviç tərəfindən Belovejskdə imzalan­mış razılaşma idi. Həmin sənəd imzalanan­dan dərhal sonra Boris Yeltsinin, iki həftə sonra isə Mixail Qorbaçovun Ağ evə, ata Buşa zəng edərək muştuluq istəməsi sifari­şin haradan gəldiyini sübut edirdi. O razı­laşma saxta idi. Çünki milyonlarla insanın referendumla həll etməli olduğu məsələni üç nəfərin yoluna qoyması absurd idi. Üstə­lik, həmin sənədin əsli o vaxt da üzə çıxma­mışdı, sonrakı 32 ildə də tapılmadı. Yəni, ortada yoxdur. 

Bundan başqa, Ermənistanın Azərbay­cana ərazi iddiaları işğal fazasına keçən­də, yəni 1992-ci il martın 24-də o vaxtkı ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündə indi ar­tıq mövcud olmayan Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunmuş, münaqişənin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. Ancaq işğalı davam etdir­mək istəyən Ermənistanın bu tədbirə qatıl­mayacağını bildirməsindən sonra belə bir konfrans keçirilməmişdir. Yəni Minsk qru­pu deyilən həmin qondarma və səmərəsiz təşkilatın bizim şəhərə qətiyyən dəxli yox idi. 

Bu sətirlər o deməkdir ki, mən həmka­rım Zərifə Bəşirqızına Vladimir Sankeviçin arqumentləri ilə cavab vermiş oldum.

Azərbaycanla oxşar taleyi yaşayan ölkə 

... Belarus dörd tərəfdən quru sərhədləri ilə əhatə olunmuş (Azərbaycanla əsas fərqi budur), gözəl təbiətə malik Şərqi Avro­pa ölkəsidir. Oteldə əlimə keçən “Belarus haqqında məlumat” kitabçasının hansı sə­hifəsini açırsan orada dünya müharibələri­nin əks-sədası ilə razılaşırsan. Bir ölkədə bu mövzuda nə qədər muzey, nə qədər abidə olarmış? Bu ölkənin xalqı da, dövləti də son iki əsrdə daim müharibələrin mərkəzində olub. Yeri gəlmişkən, Belarus da Rusiya və Ukrayna kimi BMT-nin yarandığı gün­dən bu beynəlxalq təşkilatın üzvüdür. Yəni İkinci Dünya müharibəsi illərində daha çox maddi və mənəvi itkilərə məruz qalmış bu üç sovet respublikası hələ BMT-nin yaran­dığı gündən həm SSRİ çərçivəsində, həm də ayrılıqda oraya üzv qəbul edilmişdilər. 

Bir paytaxtda nə qədər dini inanc yerləri olarmış? Elə müvəqqəti yaşadı­ğım “Viktoriya na Zamkavoy” oteli də Qaliblər prospekti ilə Qəsr küçəsinin ( belaruslar “Замкавая вуліца” deyirlər) kəsişməsində yerləşir. Yerli sakinlərin Qəsr küçəsindəki köhnə tikililər haqqında söhbətlərini eşidəndə bizim İçərişəhərlə fəxr etməyimiz yadıma düşdü. Bu barə­də, sağlıq olsun, sonrakı yazılarda söhbət açacağıq. 

Minsk, doğrudan da, gözəl şəhər, əsrarəngiz paytaxtdır

Bu şəhər slavyan dövlətçiliyinin, mədə­niyyətinin, xüsusən, slavyan memarlığının dəyərli daşıyıcılarından biridir. Yeri gəl­mişkən, mən Moskvadakı Qırmızı meyda­nı görəndə hələ xeyli gənc idim, 20 yaşım var idi. O yaşda insanın fantaziyası güclü olur. Buna baxmayaraq, Qırmızı meydanın özünü və ətrafını görəndə mat qalmışdım ki, bütün bunları necə düşünmək, planlaş­dırmaq, kağıza köçürmək və reallaşdırmaq olar? Bu yaşda isə Minskdə – Qələbə mey­danını görəndə həmin sualları özümə tək­rar-təkrar verdim. 

Xatırladım ki, mənim bu şəhəri görmək istəyim beş il əvvəl –noyabrın 19-da Azər­baycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Minskdəki Qələbə meydanında 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin şərəfinə ucaldılmış abi­dəni ziyarət etməsi barədə hazırlanan tele­süjetə baxarkən yaranmışdı. Mən o meyda­nı televiziya ekranından sevmişdim. Allaha şükür ki, gəldim və gördüm. 

Bu dost ölkədən, gözəl məkandan hazır­ladığım ilk yazını su ilə, aydınlıqla yekun­laşdırmaq istəyirəm: Bu şəhəri gözəl edən məqamlardan biri də belarusların Viliya adlandırdığı, rus dilində isə Neris deyilən çayın suyudur. Bu çay Minskin içməli su mənbəyidir. Svisloç çayı isə birbaşa Minsk şəhərindən keçir. Dostluğumuzun ömrü də elə su ömrü qədər olsun. 

Yaxşı yadımdadır... 

Belarus Prezidenti Aleksandr Lukaşen­ko 44 günlük İkinci Qarabağ müharibəsin­dən təxminən altı ay sonra – 2021-ci ilin aprelində Bakıda Serj Sarkisyan haqqında danışarkən demişdi ki, daha çox şey bi­lirəm, açsam, Serji bitirərəm. Bu ifadə İrə­vanda zəlzələ effekti yaratmışdı.

Bundan başqa, cənab Lukaşenko Bakı­da Azərbaycan Prezidentinə “sən” deyə mü­raciət etmiş və dünyanın ən arif diplomat­larından olan Azərbaycan Prezidentindən bunun qarşılığı olaraq, “sən” müraciətini eşitmişdi. Həmin fakt isə Belarus liderinin dünya ermənilərinə mesajı idi. Yəni demək istəyirdi ki, nə ölkələrimiz arasında həll olunmayan bir məsələ var, nə də şəxsi zə­mində! Ölkələrimiz də dostdur, liderləri də!

Yeri gəlmişkən...

Noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Belarus paytaxtın­da keçirilən sammitində də Ermənistan ta­mamilə “oyundankənar vəziyyətdə” qaldı. Futbolda isə oyunçusu belə vəziyyətə düşən komanda cərimə zərbəsi ilə cəzalandırılır. 

 

İttifaq MİRZƏBƏYLİ,
XQ


Belarus Respublikası, Minsk şəhəri

Sosial həyat