Tələbə musiqiçilərin Arif Məlikovun xatirəsinə ehtiramı

post-img

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dünyaşöhrətli bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert və sərgi keçirilib.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən İbrahimova görkəmli bəstəkarın çoxşaxə­li yaradıcılığından bəhs edib, onunla bağ­lı xoş xatirələrini bölüşüb.

Təntənəli konsert gecəsində BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Zərif Kərimova (piano) və is­tedadlı musiqiçilər Nərgiz Əliyeva (fleyta), Ülviyyə Kazımova (piano), Renata Abu­bəkirovanın (violin) parlaq ifalarının fo­nunda qiraətçi Hüseynağa Aslanov tərə­findən Nazim Hikmətin şeirləri oxunub.

Konsert proqramında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən violin üçün monoloq, “Rəqs”, “Noktürn”, “İki qəl­bin dastanı” baletindən “Komdenin arzu­ları”, fleyta və orkestr üçün “Konsertino”, fortepiano pyesləri – “Üç vals”, “Zarafat”, “Noktürn”, “Təzadlar”, “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi” əsərləri dinlə­yicilərə təqdim olunub.

Sərgidə isə rəssamlar – Könül Hü­seynzadə, Şəfiqə Yusupova, Turan Ataşova, Kristina Sultanovanın rən­garəng rəsm əsərləri nümayiş etdirilib. Təqdim olunan rəsm əsərlərinin bir qismi Arif Məlikovun yaradıcılığına, bəstələdiyi əsərlərə həsr olunub.

Rəssam Şəfiqə Yusupova sərgidə, həmçinin görkəmli bəstəkarın portreti olan “Ümidli baxışlar” adlı əsərini təqdim edib.

Xatırladaq ki, dünyaşöhrətli bəstəkar Arif Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat edib.

 

XQ

Sosial həyat