Gənc oftalmoloqların XV konfransı keçirilib

post-img

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 24–25 noyabrda  Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş  Azərbaycan Gənc Oftalmoloqlarının XV konfransı və I Forumu keçirilib. Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, bu sahənin aktual məsələ və problemlərini müzakirə etmək, gənc kadrların yenilik və nailiyyətlərdən məlumatlanması və onlara dəstək olmaqdan ibarətdir. 

Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki, konfransda Milli Oftalmologiya Mərkəzinin, respublikadan və xarici ölkələrdən (Türkiyə, Rusiya, İtaliya, San Marino, Hindistan, Çin) gələn bir çox gənc alimlər və oftalmoloqlar öz məruzələri ilə çıxış ediblər. 

Çıxışlarda Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın  oftalmologiya elminin inkişafındakı rolunun danılmaz olduğu vurğulanıb. Qeyd edilib ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifidir. Ümumiyyətlə akademik 200-qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifidir. Yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edən professor “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alim kimi tarixə keçib.

Konfransda çıxışçılar tərəfindən  “Miopiyanın buynuz qişanın endotel hüceyrələrinin sıxlığı ilə əlaqəsi”, “Keratokonuslu xəstələrdə hibrid linzaların tətbiqi”, “Katarakta cərrahi əməliyyatından sonra rast gəlinən endoftalmit və onun müalicə prinsipləri”, “Göz zədələnmələri zamanı düzgün yanaşma”, “Proliferativ diabetik retinopatiyanın cərrahi müalicəsi”,  “Anadangəlmə katarakta və genetikası”, “Qalmış billur materialları üçün cərrahi yanaşma” və s. kimi mövzularda məruzələr dinlənib.   

Bildirilib ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri,  Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Elmar Qasımovun oftalmologiya sahəsinin inkişafı və yüksəlişi üçün gördüyü işlər, gənc kadrların peşəkarlığının artırılmasına dəstəyi danılmazdır. Azərbaycan oftalmologiyası öz inkişaf dövrünü yaşayır. Mütəmadi keçirilən yerli və beynəlxalq konfranslar buna nümunədir.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova, komitənin koordinatoru Emin Əlihüseynli İdarə Heyəti adından Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyevaya konfransın və forumun keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim ediblər. 

Y.Abdıyeva ona verilən dəyərə görə öz minnətdarlığını bildirib. Həmçinin beynəlxalq tədbirin çox yüksək səviyyədə keçirildiyini vurğulayıb, Emin Əlihüseynlini, Mirana Mirişovanı və digər gənc oftalmoloqları təbrik edib, yaradıcı gənclərə uğurlar arzu edib.

Zərifə HÜSEYNOVA

XQ 



Sosial həyat