Qarabağ meşələri də soyqırımına məruz qalıb

post-img

Meşələr Qarabağın ümumi ərazisinin 36 faizini təşkil edir. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycan torpaqla­rının 20 faizini işğal etməsi həmin ərazilərdə bir çox bitki növlərinin məhvinə səbəb olub. Minlərlə hektar meşə sahəsi məhv edilib. 

2012–2016-cı illərdə Qarabağda meşələrin qırılması faktı Ermənistan­dakı göstəricidən 2,3 dəfə yüksək olub. 2014–2018-ci illərdə bölgədə 404 min 800 kubmetr meşə qırılıb. Həmin dövrdə bu göstərici Ermənistanda 175 min 300 kubmetr təşkil edib. Təkcə 2017-ci ildə Qarabağda 102 min 488 kubmetr meşə doğranıb. Beləliklə, işğal altında olan ərazilərdəki 260 min hektar yaşıl örtü­yün 54 min hektarı 30 illik işğal dövründə yer üzündən silinib. Bu müddət ərzində qiymətli ağac növləri – qoz, palıd, Eldar şamı, xurma və xüsusi mühafizə altın­da olan digər ağaclar oduncaq tədarükü üçün qırılıb, mebel, çəllək və tüfəng qun­dağı istehsalı üçün Ermənistana aparılıb. 

Ekoloji tarazlığa divan tutulub

Azərbaycanın heyvan və bitki aləmi zənginliyi ilə seçilir. Meşələrimizdə 460 növdən çox yabanı ağac və kol növlərin­dən 95 ağac (Azərbaycanda 107 növ), 290 kol və 19 yarımkol növü Qarabağ və ona bitişik ərazilərdə yayılıb. Onlardan 70-i endemikdir, yəni dünyanın başqa heç bir yerində təbii mühitdə bitmir. Na­dir ağacların çoxy isə işğal dövründə kəsilib. 

Qarabağ meşələrinin qırılması isə geniş əraziləri əhatə edib. Təkcə Tərtər rayonu ərazisində mədənlərin istismarı ilə əlaqədar yüzlərlə hektarlıq ərazidə meşələr məhv olunub. “Dəmirli” dağ-mə­dən kompleksinin tikintisi zamanı 82 hek­tara yaxın meşə örtüyü sıradan çıxarılıb. Nəticədə, ətraf mühitə böyük ziyan də­yib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklən­məyə məruz qalıb. “Qızılbulaq” və “Hey­valı” yataqlarının istismarı zamanı da eyni vəziyyət müşahidə edilib. Sərsəng su anbarından kanalların çəkilişi zamanı ətraf ərazilərdə ağaclar kəsilib. Tərtər­dən Ağdərəyə gedən yolun kənarındakı ağaçlar da qırılıb, yanacaq kimi istifadə edilib.

İşğal dövründə Ağdam rayonunun da təbii sərvətləri talan edilib. Rayonun meşələrində 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələ­ri kimi qeydə alınmışdı. Bunlardan 71-i Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 400–440 il təşkil edirdi. İş­ğal dövründə yaşlı Şərq çinarı növündən olan ağaclar doğranaraq Ermənistana aparılıb. 

Rayon ərazisində ümumi sahəsi 732 hektar təşkil edən qiymətli püstə meşəsi var idi. Nadir nəbatat obyekti olan həmin ağacların yaşı 370–400 il təşkil edirdi. Ağdam rayonunun Yusifcanlı yaşayış məntəqəsinin cənubunda, Novruzlu kən­dinin şimal-şərqində meşə, yaşıllıq və bağ sahələrinin demək olar ki adı qalıb. Meşələr qırılaraq Ermənistan silahlı qü­vvələrinə məxsus hərbi texnikanın va­sitəsilə daşınıb. Ağdam şəhərində isə yaşı 150–250 il olan 6, Şelli, Seyidli, Sa­rıhacılı, Əliağa kəndləri ərazisində yaşı 100–250 il olan 8, Böyük Bəhmənli kəndi ətrafında yaşı 400 il olan 7 ədəd Şərq çi­narı məhv edilib. 

Rayonun işğal altında olmuş Nov­ruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı–Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzun­dərə, Yedixırman, Şahbulaq dağ massiv­lərində erməni hərbçiləri, ümumilikdə, 17 min 457 hektar otlaq sahəsini yandırıblar. Bu zaman “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı si­yahısı”na düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

Xocavənd rayonunun ərazisində də meşələr qırılıb. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, işğal dövrünədək adıçəkilən rayonun meşə fondunun ümu­mi sahəsi 22 min 428 hektar təşkil edib və bunun 20 min 403 hektarı meşə ilə örtülü olub.

Xocavənd ərazisində təbiət abidəsi statuslu 12 qədim ağac (7 Şərq çinarı, 5 azatağacı) və xüsusi qiymətli azatağacı meşə sahəsi olub. Peyk təsvirlərinə əsasən işğal dövründə 3 min 537 hektar­dan artıq meşə sahəsi məhv edilib.

Eyni vəziyyət Füzuli rayonunda da müşayiət olunub. Burada işğal dövrünə­dək meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hek­tarı meşə ilə örütülü idi. İşğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub. Vaxtilə rayon ərazisin­də təbiət abidəsi statusuna malik 11 ədəd Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəs­məklə yanaşı, onların kötüklərini də yan­dırıblar.

Qədim tarixə malik Topxana meşəsi də ciddi dəyişikliyə uğrayıb. İşğaldan öncə meşə palıd, fıstıq, çinar, qarağac və s. kimi bitkilərlə zəngin idi. Onlardan yalnız me­bel sənayesində deyil, həm də yanacaq kimi istifadə olunub. Bu məqsədlə Haça Yal adlanan meşə sahəsindən ermənilər 1500-2000-ə yaxın palıd ağacını qıraraq Xankəndiyə aparıb, mebel istehsalında is­tifadə ediblər. Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr və ağaclar qırılaraq odun kimi istifadə edilib. Şuşa şəhərinin özündə də müxtəlif növ iri diametrli ağaclar kəsilib.

Bundan başqa, ermənilər Azərbay­can rayonlarının ərazisində işğal dövrü ərzində mütəmadi olaraq qəsdən yanğın­lar törədib. Bu da torpaq və meşə mas­sivlərinin yanaraq kül olmasına gətirib çıxarıb. Bu proses hələ 2000-ci illərin əvvəllərində beynəlxalq təşkilatlarda na­rahatlıq doğurmuşdu. Qəsdən törədilmiş yanğınlar nəticəsində, ümumilikdə, 110 min hektardan çox ərazi yanmış və məhv olmuşdur. Yanğın zamanı torpağın mün­bit yuxarı təbəqələri, ot və kollarla birlikdə bütün canlı orqanizmlər də həlak olmuş­du. 

Göründüyü kimi, Ermənistan Azər­baycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən meşələrin qırılması, yanğınların törədil­məsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdiriblər.

Meşələrə yenidən nəfəs gəlir 

Qarabağ 44 günlük müharibə zamanı işğaldan azad edildikdən sonra ermənilə­rin qeyri-qanuni əməllərinə də son qoyul­du. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə oldugu kimi, ekoloji problemlərin həlli sahəsində də böyük işlər görülməyə başlanıldı. Ətraf mühitin mühafizəsi, insanların saglamlıgı, ekoloji tarazlıgın bərpası və s. məsələlər xüsu­si əhəmiyyət kəsb etdi. İşğaldan azad edilmiş ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022–2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” ha­zırlandı. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutuldu. 

Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosis­temə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib: “İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edi­lib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbət­tə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır”. 

Hazırda işğaldan azad edilmiş əra­zilərdəki meşələr yenidən bərpa olunur. Ümumilikdə, 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3 min kiloq­ram palıd və Şərq çinarı toxumu səpilib. 2023-cü ilin sonunadək 100 hektardan çox ərazidə meşə-bərpa tədbirlərinin hə­yata keçirilməsi nəzərdə tutulub. Salın­mış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb. Görülən işlər Qarabağ meşələrinə yeni nəfəs gəldiyini göstərir. 

Pünhan ƏFƏNDİYEV
XQ



Sosial həyat