Səhnəmizin fədakar aktyoru

post-img

Xalq artisti Hacı İsmayılovu kino məşhurlaşdırsa da, o, əvvəldən teatr aktyo­rudur. Hazırda Teatr Xadimləri İttifaqında sədr səlahiyyətlərini yerinə yetirir. 80 yaşının astanasında sənətkarın keçdiyi həyat yoluna onun öz monoloqunda nəzər saldıq.

Uşaqlıq

Müharibə vaxtı 1944-cü ilin yanvarın 22-də dünyaya gəlmişəm. Amma müha­ribənin törətdiyi çətinliklərindən xəbər­siz idim. Bütün günü İçərişəhərdəki o daş küçələrdə, qala divarlarının üstündə ora-bura qaçırdıq. Top əvəzinə köhnə corabları iç-içə yumrulayıb futbol oynayır­dıq. Hərdən imkan düşəndə gedib həmin küçələrdən keçirəm, o günləri xatırlayı­ram. 

Bir əlimdə çanta, o birində mürəkkəb şüşəsi, məktəbə gedirdim. Uşaqlarla da­laşanda o şüşə tez-tez sınır, üst-başım mürəkkəbə bulaşırdı. Kasıb ailədən ol­duğum üçün tay-tuşlarımdan pal-paltar sarıdan geri qalmağım mənə təsir edirdi. Qurduğum xəyalları teatrda canlandır­maq istəyirdim. Buna görə də məktəbdə bir idman dərsinə, bir də teatr dərnəyində məşqlərə həvəsli idim. Ölkədə tanınan bir müəllimimiz vardı – Zərbəli Səmədov. Özfəaliyyət dərnəyində çıxışımı görən­dən sonra mənə dedi ki, bala, sən get, artist ol. O vaxt dərnəklər uşaqların yetiş­məsində çox böyük rol oynayırdı. 

Teatrda ilk addımlar

Yuxarı siniflərdə oxuyanda həm Lütfi Məmmədbəyovun xalq teatrına gedir­dim, həm də futbolla məşğul olurdum, yaxşı qapıçı idim. Bir müddət belə davam elədi, sonra hiss etdim ki, incəsənətə meylim daha çoxdur və bu, idman istəyi­mi üstələdi. Məktəbi bitirəndən sonra 2 il teatr institutundan kəsildim. Əvvəlki ildə boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi. Növbəti dəfə miz üstündə ritmi tuta bilmədim, əlim əsdi. Nəhayət, 3-cü cəhddə Rza Təhmasib məni qəbul elədi. Məlik Dadaşov, Rza Sarabski, Nəsir Sa­dıqzadə kimi müəllimlərdən dərs aldım. Sonra bütün kursumuzu İrəvana, Azər­baycan Dövlət Dram Teatrını bərpa et­məyə göndərdilər. İlk rollarım da o teatrın səhnəsində oldu. Amma ata-anam yaşlı, mən də yeganə övlad olduğum üçün son­ra qayıtdım Bakıya. Bir il institutda sənət­dən dərs dedim, amma teatrda işləmək istəyirdim. Bu arada Sumqayıt Teatrı açıl­dı və mən də orda işləməyi seçdim. 

Böyük səhnədə 

1970-ci ildə məni Akademik Milli Dram Teatrında işə qəbul etdilər. Burda nəhəng aktyorlarla birgə səhnəyə çıxıb adicə nizə tutmağın özü bir etimad idi. Yadıma düşür ki, ilk rollarımdan biri Mirzə Fətəli Axun­dovun “Hekayəti xırs quldurbasan” tama­şasında bircə kəlmə sözü olan Kərəm olub. Səhnəyə çıxıb “Qaçsa, qaçar, eee” deyirdim, vəssalam. Daha çox səsimdən istifadə edirdi rejissorlar.

Tofiq Kazımovun “Hamlet” tamaşa­sında Hamletin atasının – kölgənin səsi­ni çıxarırdım, özü də səhnənin altından. Əşrəf Quliyev, Məmmədkamal Kazımov, Mehdi Məmmədovun tamaşalarında kiçik rollarda oynayırdım. Tədricən teatrda rol­larım böyüdü və artdı. İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasında Dör­düncü qaçaq, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” pyesində Kişi, Səməd Vurğunun “İnsan” dramında Alman zabiti, Cəlil Məmmədquluzadənin “Dəli yığınca­ğı”nda Hacı Cəfər, Nəbi Xəzrinin “Mirzə Şəfi”sində Barataşvili, Hüseyn Cavidin “İblis”ində Yaralı zabit və sair… Anarın "Sizi deyib gəlmişəm" pyesində baş rol – Məmmədhəsən əmi də, deyilənə görə, uğurlu alınıb. 

Ekranda

Kinoda xırda rollarım çox olurdu. İlk böyük rolum Rasim Ocaqovun “Ad günü” filmində Mustafa oldu. Rasim müəllim məni kinostudiyasının kafesində gördü və sınaq çəkilişlərinə çağırdı. Ssenarini oxu­yunca obraz o qədər ürəyimə, xarakte­rimə yatdı ki, ruhən dönüb oldum Mustafa. Moskvanın sifarişi ilə çəkilən həmin filmə 1978-ci ildə Azərbaycan Dövlət mükafatı, 1979-cu ildə Bakıda VIII Ümumittifaq te­leviziya filmləri festivalında I mükafat və 1980-ci ildə Berlində ADR televiziyasının diplomu verildi. 

Onda artıq evli idim. O filmə çəkiləndə oğlumun 2, qızımın 1 yaşı vardı. Deyirlər, qızın ayağı sayalı olur – bunu öz təcrü­bəmdə gördüm. “Ad günü”ndən sonra Rasim Ocaqovun 5 filminə çəkildim. Axı­rıncı film “Həm ticarət, həm ziyarət” oldu. Mənim kinoaktyor taleyimi Rasim Ocaqov müəyyən edib, – desəm, düz olar. İndiyə qədər çoxları məni o rola görə şəkili bi­lir, adımı da küçədə Mustafa çağırırlar. Heyfsləndiyim odur ki, “Həm ticarət, həm ziyarət”dən sonra uzun müddət kinoya çəkilməmişəm, illər gedib.

Amma teatr mənim gündəlik işim­dir. İndi 79 yaşım var, əlbəttə yaş özünü göstərir. Onunla təsəlli tapıram ki, elə böyük aktyorlarımız olub ki, heç bu yaşa çatmayıblar. Mən 20-ci əsrdə yaşamışam, 21-ci əsrdən yaşadığım illər qənimətdir. 

Teatr Xadimləri İttifaqında

Düz 8 il Teatr Xadimləri İttifaqında sədr müavini olmuşam, indi sədri əvəz edirəm. Məsuliyyətli işdir, amma kollektiv­lə əl-ələ verib işləyirik. Çoxlu tədbirlərimiz olur. Bu il mayın 15-də Mədəniyyət Nazir­liyi ilə birgə “Qonaq teatr” layihəsinə start vermişik. Bölgə teatrlarını ittifaqa dəvət edirik, A.M.Şərifzadə adına səhnədə ta­maşalarına baxırıq. Artıq 8 teatr qonağı­mız olub. 

İttifaqın nizamnaməsinə görə, növbəti seçki gələn ilin oktyabrına düşür. O vax­ta qədər mən sədr səlahiyyətlərini yerinə yetirəcəyəm, seçkilərdə isə yeni sədr se­çiləcək. Görüləcək işlərimiz çoxdur. 

 

Ramilə QURBANLI
XQ

Mədəniyyət