İnci saflığına kim zəhər qatır?

post-img

İçməyə yaramayan su xroniki ölüm mənbəyidir

Son illər əhali arasında ürək-damar, xərçəng, autizm, daun sindromlu xəstəliklərin sa­yının sürətlə çoxalmasının səbəbi, ilk növbədə, keyfiyyətsiz su, qida, geni dəyişdirilən məhsulların davamlı şəkildə çoxalması ilə əlaqələndirilir. Mütəxəssislər bu təhlükəli bə­ladan danışanda konkret faktlara istinad edirlər. 

Məsələn, hansı qarışıqlardan hazır­lanması bilinməyən, tərkibində, təqribən, 140-dan çox kimyəvi maddə olduğu bil­dirilən siqaretlərin çəkilməsi, “enerji iç­kilərinin” geniş yayılması, istehlak baza­rında mənşəyi qeyri-məlum ətlərdən və digər məhsullar olduğu iddia edilən və daha ucuz qiymətə təklif olunan kolbasa və sosislər immun sistemini zəiflədir və ürək tutmasına, qəfil ölümə gətirib çıxa­rır. Orqanizmdə həzmi çətinləşdirən trans yağların əksər qida məhsullarının hazır­lanmasında istifadə edilməsinin damar tıxanıqlığına səbəb olması faktını da bura əlavə etsək, vəziyyətin təhlükəliyi barədə aydın təsəvvür yaranar. 

Bu yazıda isə əsasən, istehlak bazarında mühüm yer tutan və mağazalarda gözəgəlimli qab­laşdırmada istehlakçılara təqdim olunan müxtəlif həcmli suların keyfiyyətsizliyi ilə bağlı ekspertlərin səsləndirdikləri fikirlər diqqətə çatdırılır. Yeri gəlmişkən, su tarix boyu insanlığın qədir-qiymət verdiyi misil­siz həyat qaynağı sayılıb. Təsadüfi deyil ki, ulu Nizami Gəncəvi suyu inci saflığı qədər müqəddəs sayırdı. Ekspertlərin iddialarının nə dərəcədə həqiqət olduğu isə yalnız qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən səlahiyyətli qurumlara məxsus fakt və dəlillər əsasında təsdiqlən­məlidir. Mütəxəssislərin sözlərinə görə, mərkəzləşdirilmiş xətlərdən, quyulardan, hətta kranlardan götürülən su müxtəlif süzgəclərdən keçirilməklə qablaşdırılaraq satışa çıxarılır. Bu zaman emal edilən su­yun etiketlənməsi də qanunvericiliyin tələb­lərinə uyğun olmur, bir sıra hallarda, hətta onun mənbəyi göstərilmir. Başqa sözlə, əhaliyə verilən su ilə qablaşdırma aparılsa da, məhsulun üzərindəki etiketlərdə onun müxtəlif təbii mənbələrdən, dağlardan və bulaqlardan gətirildiyi, müalicəvi xüsusiy­yətlərə malik olması göstərilir. Bununla da, qanunvericiliyin tələbləri kobud şəkildə po­zularaq istehlakçılar aldadılır, əhalinin sağ­lamlığı üçün ciddi təhlükə yaradılır. 

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müəyyən vaxtlarda yayılan mə­lumatlarında da bu fikir aparılan araşdırıl­malarla, həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə təsdiqlənir və “Qida təhlükə­sizliyi haqqında” Azərbaycan Respubli­kasının Qanununun tələblərinin kobud şəkildə pozulduğu vurğulanır. Qurumun müxtəlif vaxtlarda mediada yayılan məlu­matlarından da aydın görünür ki, paytaxt­da içməli suyun emalı və qablaşdırılması müəssisələrində qida təhlükəsizliyi sahə­sində normativ hüquqi aktlar, sanitariya norma və qaydaları davamlı olaraq po­zulur. Belə hallar daha çox mərkəzləşdi­rilmiş sistemdən gələn suların (əhaliyə verilən sular) süzgəcdən keçirilərək qab­laşdırılmasında müşahidə olunur. 

Həmin müəssisələrdə (sexlərdə) tək­rar istifadə üçün nəzərdə tutulan qablaş­dırma materiaları yuyulub-təmizlənmir, suyun qablaşdırılması eyni sahədə hə­yata keçirilir, qablaşdırma materiallarının saxlanması üçün müvafiq sahə ayrılmır. Emal olunan məhsullara dair etiket məlu­matları da dolğun qeyd edilmir. Tempe­ratur rejiminə, havalandırma sisteminin quraşdırılmasına laqeyd yanaşılır, pən­cərələr qoruyucu torla təmin olunmur. Eyni zamanda, dezinfeksiya işləri nəzər­də tutulan qaydada aparılmır. Bütün bun­larla bərabər, istehlakçıların aldadılması – qablaşdırılmanın üzərində markanın loqosunun saxta olması, suyun haradan gətirildiyinin, istehsal tarixinin həqiqəti əks etdirməməsi kimi məsələlər də ciddi narahatlıq doğurur. 

Hazırda ölkənin müxtəlif ticarət şəbəkələrində hətta məşhur brendlərin saxta variantına rast gəlmək mümkündür. Əslində, hər birimizin bulaq suyu deyərək bəh-bəhlə içdiyi bu sular da heç də hansısa bulaq başından, təbii mənbələrdən doldurul­mur. Beləliklə, üzərlərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə “təbii”, “mineral”, “müalicə­vi”, “bulaq suyu, “təbii süfrə suyu”, “təbiət­dən axan təbii su”, “cavanlıq mənbəyi” , “çay və qəhvənin əsl dadı”... daha nələr, nələr sözləri yazılmaqla satışa çıxarılan sular insan orqanizm üçün təhlükə mən­bəyinə çevrilir, necə deyərlər, ölümü ca­vanlaşdırır. 

Ekspertlər bildirirlər ki, su, əsasən, müxtəlif cəlbedici adlarla satışa daha çox plastik qablarda çıxarılır. Həmin qab materialları isə demək olar ki, normalara uyğun gəlmir, təkrar emaldan hazırlanır ki, bu zaman kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikolo­ji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara gətirib çıxarır. Həmçinin bu, azmış kimi, isti günlərdə uzun müd­dət günəş şüası altında saxlanılır ki, nə­ticədə həmin suların tərkibindəki zərərli maddələr insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına əlverişli şərait yaradır, sağlamlığa mənfi təsir göstərir. 

Dezinfeksiya, filtrasiya proseslərinə ri­ayət edilməməsi də suyun tərkibində olan mineralların böyük qisminin itməsinə, rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.

Yeri gəlmişkən, söhbət etdiyimiz eks­pertlər tərəfindən su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin üzərinə də key­fiyyət amili ilə bağlı məsuliyyət düşdüyü bildirilir. Vurğulanır ki, su filtlərinin müxtə­lif çeşidlərinin satışını həyata keçirən həmin qurumlar tərəfindən təklif edilən qurğular vasitəsilə suyun təmizləndiyi söylənilir. Lakin mütəxəssis fikirlərində bunun tam əksi ifadə olunur, su filtlərinin suda insanın sağlamlığı üçün vacib olan mikroorqanizmlərin, kalsium, potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi mineralların sıradan çıxarıldığı deyilir. 

Mütəxəssislərin fikrincə, su filtrləri vaxtaşırı açılıb təmiz­lənməli və onun daxilindəki kimyəvi elementlər yenilənməlidir. Əks təqdirdə, suyun kimyəvi təmizlədiyini id­dia edilən cihaz bioloji çirklənməyə və mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu vəziyyət xüsusilə infeksion xəstə­liklərə gətirib çıxarır.

Belə şəraitdə isə suyun zərərli bakteri­yalardan təmizlənməsi üçün onu qaynat­maq qərarına gəlinir. Lakin bu halda onun tərkibindəki mineral maddələr məhv olur. Bu səbəbdən də filtrdən keçirilən suyu içməyə üstünlük verilir. Lakin qeyd et­diyimiz kimi, filtrlər keyfiyyətsiz olduqda qurğudakı kömür keyfiyyətini itirir, nəticə­də ondan alınan su qaynadıldıqda zərərli dioksin yaradan xlor qalır.

Su filtrinin satışı ilə məşğul olan şirkət­lərin fəaliyyəti haqqında fikir bildirən eks­pertlər onu da söylədilər ki, suyun tərkibi­ni yoxlamaq üçün istifadə olunan cihazlar, yaxud belə demək mümkünsə, iki dəmir parçası ilə məhsulun keyfiyyət göstəricisi­ni müəyyənləşdirmək, bununla da doğru nəticə əldə etmək inandırıcı deyil. Çünki müayinə zamanı şirkət nümayəndələrinin “cihaz” adlandırdıqları həmin dəmir par­çaları suyun tərkibindəki mineralları (kali­um, kalsium, maqnezium və digər faydalı maddələr) parçalayır, bundan sonra isə su palçıq, bulanıq hal alır. Daha sonra isə bu, suyun üzərində aydın nəzərə çarpır. Belə bir “analiz” isə əslində, istehlakçını aldatmaqdır... 

Bir sözlə, özəl qurumların su üzərində apardıqları sınaqların heç bir əsası yox­dur. Onlar insanların bu sahədəki məlu­matsızlığından istifadə edib onlara kələk gəlirlər. Bundan əlavə, hazırda Bakıda satılan filtrlərin çoxunun sertifikatı yoxdur. Onların bəziləri “əks-osmos” tiplidir. Belə qurğularla isə suyun keyfiyyətini müəy­yənləşdirmək mümkün deyil. 

Tanrının insana bəxş etdiyi əvəzsiz nemətə uzanan haram əllər zamanında kəsilməsə, sağlamlığımız daha ciddi təh­lükə qarşısında qalacaq. 

Eyyub HÜSEYNOV, 
Azad İstehlakçılar Birliyinin sədri

Mən Fransanın Marsel şəhərin­də 2500 nəfərin qatıldığı Dünya Su Konqresinin iştirakçısıyam. Həmin tədbirdə suyun ilahi nemət olduğunu, onun qeyri-adiliyinin bir daha anladım. Su yeganə maddədir ki, nə rəngi, nə də qoxusu var. Su Yer üzündə də­yişməyən yeganə maddədir. İnsanlar onu çirkləndirsələr də, ərşə qalxıb təmiz halda yenidən yer üzünə qa­yıdır. Təəssüflər olsun ki, su biznesi ilə məşğul olanlar bu ilahi, əvəzsiz nemətdən sui-istifadə hallarına yol verirlər.

Marsel konqresindən qayıtdıqdan sonra su mənbələrində monitorinqlər aparmaq üçün “Azərsu” rəhbərliyin­dən icazə aldıq. Dünyadakı təcrübə­nin burada necə tətbiq olunduğunu öyrəndik. Azad İstehlakçılar Birliyinə daxil olan çoxsaylı şikayətlər, əsasən, qablaşdırılmış sularla bağlı oldu­ğundan bu məsələyə diqqət yetirdik. Qeyd edək ki, son illər bu əvəzsiz nemətdən, necə deyərlər, qaz vurub qazan doldurmaq məqsədilə istifadə edən su süzgəclərinin satışı ilə məş­ğul olan qrupların da xeyli fəallaşması müşahidə olunur. Onlar əhali arasında özlərinə sərf edən müəyyən təbliğat işləri aparır, primitiv ekspertizalar hə­yata keçirirlər. Həmin qrupların üzvləri iddia edirlər ki, gələn sular içməyə ya­rarlı deyil, təhlükəlidir və s. Bir sözlə, hazırda bazarda bu sahədə çox ciddi hərc-mərcliklər hökm sürür.

Azərbaycanın tarixində, bəlkə ilk dəfə olaraq, 10 il öncə suyun çox sadə, primitiv bir ekspertizasını apar­dım. Həmin ekspertizanın nəticələrini kütləvi informasiya vasitələrinə təq­dim etdim. Bir həftə ərzində 3 yerdən, özü də ən böyük şirkətlər tərəfindən məhkəməyə verildim. Lakin istehlakçı təşkilatla heç kim məhkəmədə qarşı­laşmaq istəmir. Çünki onların malları istehlakçılar tərəfindən boykot olunur. Həmin vaxt mənə zəng edənlər de­yirdilər ki, sən benzindən də bahalı bir şeyə toxunmusan. Doğrudan da, Azərbaycanın əmtəə bazarında 1 litri 9 manata təklif edilən qablaşdırılmış sular var. Belə hallarda əhali məndən soruşur ki, hamısı iki hidrogen, bir ok­sigendən ibarətdirsə, bəs litri 9 mana­ta olan içməli su nədir? 

Bütün bu vasitələrdən istifadə edən su qablaşdıran şəxslər evlərə su daşıyır, butulkalara dolduraraq satış nöqtələrinə çatdırırlar. Heç kəs deyə bilməz ki, hər hansı “A” adlı suyun neçəsi birbaşa krantdan toplanıb, neçəsi təmizlənib və ya tə­mizlənməyib. Çünki bunları qoxu və dadla müəyyən etmək mümkün deyil. Çox təəssüf ki, bundan sui-istifadə edənlər istehlakçıları aldadırlar. Yeri gəlmişkən, Azərbaycan Qida Təh­lükəsizliyi Agentliyi (AQTA) ay yarım bundan öncə qablaşdırılmış suların etiket məlumatları ilə tərkiblərinin düz gəlib-gəlmədiyi ilə bağlı müəy­yən araşdırma aparıb. İstehlakçılar qablaşdırılmış su alan zaman mütləq onun mənbəyi ilə maraqlanırlar. Su qablarının üzərində isə “filan dağlar­dan”, nə bilim “Qafqaz dağlarından gəlir” və s. məlumatlar əks olunur. Yalnız etiket məlumatları əsasında suyun mənbəyi məsələsini araşdıran AQTA ekspertləri bir neçə su isteh­salçısının fəaliyyətinə qadağa qoyub. Bu özlüyündə çox yaxşı cəhətddir. Lakin suyun tərkibinin araşdırılması üçün onun 300-dək parametri nəzər­dən keçirilməlidir. Azərbaycanda isə suyun bütün parametrlərinin araşdı­rılması üçün heç bir imkan yoxdur. Çox təəssüf ki, AQTA da suyun lazımi parametrlərini araşdırmır və yaxud araşdıra bilmir.

İstehlakçılar onu da bilməlidirlər ki, eyni bir su, məsələn “A” adı altında satılan məhsul ailənin beş üzvündən üçü üçün uyğun ola, ikisi üçün isə uy­ğun olmaya bilər. Hələ elm indiyədək sübut edə bilməyib ki, hansı DNK sə­viyyəsində codluğu nə dərəcədə olan və hansı tərkibdə su kimə xeyirdir və ya kimə zərərdir. Bu, elmdə araşdı­rılmamış bir məsələdir. Ona görə də istehlakçılara məsləhət görürürəm ki, suyu daim dəyişib içsinlər. Məsələn, mən Eyyub Hüseynov bəzən krant, quyu, bulaq və ya daşdan süzülmüş, bəzən də dükandan aldığım suyu içirəm. Elə istehlakçılara da hər dəfə eyni bir brend altında qablaşdırılmış, məsələn 20 litrlik qablarda olan sudan istifadə etmələrini məsləhət bilmirəm. 

Ölkənin əmtəə bazarında böyük qiymət fərqi ilə satılan suların yarar­lılığına inanmaq olmaz. Ən bahalı su­yun ən yaxşı su olmasını da söyləmək çətindir. Suyun primitiv analizləri var. “TDS” adlandırılan sadə bir cihaz vasitəsilə suyun codluğu ilə bağ­lı müəyyən informasiya əldə etmək mümkündür. Bununla belə, yenə də hansı insana hansı codluqda suyun lazım olmasını müəyyənləşdirmək çətindir. Mən həmin “TDS” aparatının köməyilə “Zəmzəm” suyunun digər sularla müqayisəsini apardım. Hər iki nümunədə parametrlərin dəqiqliyini yoxladım. 

Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm. Hazırda məişət­də istifadə olunan avtomatik birləşən çayniklərin, suqaynadıcı cihazların zi­yanı xeyrindən qat-qat çoxdur. Həmin cihazlarda dəfələrələ qaynadılan suyu qəbul etmək məsləhət görülmür. Çün­ki təkrar-təkrar qaynadılan su ağır su sayıldığından insan orqanizmi üçün olduqca zərərlidir. 

Sonda bir daha qeyd etmək istə­yirəm ki, suyun ilahiliyi, onun açılma­mış sirləri bəzi işbazların işinə yarayır. Bu da ölkəmizdə sularla bağlı böyük hərc-mərcliklərə gətirib çıxarır. Hesab edirəm ki, əhalinin sağlamlığının qo­runması üçün bu sahədə nəzarətin gücləndirilməsinə və sərt cəza tədbir­lərinin görülməsinə ciddi ehtiyac var.

Leyla ZÜLFÜQARLI, 
həkim-dietoloq

Orqanizmin sağlamlığı sağlam maye qəbulundan çox asılıdır. İnsan orqanizminin üçdə iki hissəsindən çoxunu maye təşkil etdiyi üçün onun suya olan tələbatı vaxtında və nor­ma daxilində ödənilməlidir. Bu zaman qazlı sulara, energetik içkilərə, müxtə­lif şirələrə deyil, məhz doğru suya üs­tünlük verilməlidir. Doğru su isə bütün parametrlərə uyğun gəlməli, tərkibi təmiz və zəngin olmalıdır. 

Belə ki, fiziki xassələrinə görə su dadsız, iysiz və rəngsizdir. Kimyə­vi xassələrinə görə isə suyun tərkibi konkret minerallarla: kalsium, maqne­zium və hidrokarbonatlarla zəngindir. Yəni sonradan hansısa bir zərərsiz­ləşdirilmə naminə xlorlanmış su da doğru hesab edilə bilməz. Eyni za­manda, su bioloji təmiz olmalıdır. Bir sözlə, su qeyri-müəyyən olmalı deyil. Məhz onun bioloji fəallığa malik tərkibi olmalıdır. Yəni 2 hidrogen və 1 oksi­gen atomundan ibarət suyun tərkibin­də natrium, kalium ionları olmalıdır. Bütün hallarda isə su qazlı deyil. Suya qaz sonradan karbon-oksid olaraq vu­rulur.

Fiziki xassələrinə görə doğru olan su da uzun müddət saxlandıqda key­fiyyətini itirir. Yeri gəlmişkən, suyun özünün saxlanma müddəti 8 sutkadan çox olmamalıdır. Xüsusən də suyun plastik qablarda uzun müddətə sax­lanması yolverilməzdir. Plastik qabla­rın özü də nəzərdə tutulmuş standart­lara cavab verməlidir. Yəni su qabının üzərindəki üçbucaq şəklinin içərisində lazımi məlumatın qeyd olunması on­dan xəbər verir ki, həmin qab, sadəcə, polietilen tərkibli deyil. Bu xüsusi bir tərkibdir ku, suyun qablaşdırılmasın­da istifadə oluna bilər. Onu da deyim ki, plastik qablar həyatımızda o qədər çoxdur ki, onların ziyanlı olmasına bir o qədər də əhəmiyyət vermirik. 

Hər şeydən əvvəl, bu tip qablarda uzun müddətə saxlanılan suyun istifa­dəsi doğru deyil. Xüsusən də plastik qablarda günəş şüalarının altında, daha yükdək temperaturda saxlanılan sularda oksidləşmə baş verir. Belə bir şəraitdə isə həmin qabların tərkibində olan kseno-ekstragenlər, yəni sintetik maddələr suyun keyfiyyətinə birbaşa təsir göstərərək onu içmək üçün ya­rasız vəziyyətə gətirir. Plastik qablar­da saxlanılan maye və digər ərzaqlar birbaşa olaraq bizim hormonal siste­mimizə təsir edir. Apardığım müşahi­dələr əsasında insanlarda artan hor­monal disbalansın şahidi oluram. Heç şübhəsiz, bütün bunlar plastik qablar­dan həddindən artıq istifadə ilə bağlı­dır. Bu baxımdan əhali şüşə qablarda saxlanılan suların qəbuluna daha çox üstünlük verməlidir. 

Çox təəssüf ki, müəyyən şirkətlə­rin standarta cavab verməyən plas­tik qablarda satışa çıxardıqları sular müddətindən artıq saxlandığı üçün, necə deyərlər, zəhərə çevrilir. Çünki belə qabların tərkibində olan kse­no-ekstragenlər toksin yükü olaraq orqanizmdə toplanır və sonradan mənşəyi məlum olmayan bir sıra xəstəliklərin yaranmasına gətirib çıxa­rır. Bu səbəbdən belə suları qətiyyən içmək olmaz. Bununla yanaşı, hazır­da bazara çıxarılan saxta, yalançı su­lar da var ki, kimyəvi və fiziki xassələri uyğun olmadığı üçün müxtəlif xəstə­liklərə yol açır. Eyni zamanda, adi suların tərkibinin bioloji təmizlənməsi də çox ciddi məsələdir. Çünki bu za­man istifadə olunan xlor toksin olduğu üçün insan orqnizminə ziyandır. 

Yeri gəlmişkən, son illər əhali, xüsusən gənclər arasında energetik içkilərə maraq getdikcə artır. Energe­tik içkilərin tərkibindəki kofein anında tonuslandırma effekti yaradaraq tez bir zamanda qana şəkər və qlükoza daxil edir ki, bu da qısa müddətdə əhval-ruhiyyəni yaxşılaşdırır. Bu sə­bəbdən insanlar belə içkilərə meyil­lənir, sanki onu içdikdə həzz alırlar. Amma bu, yalançı hissdir. Çünki ener­getik içkilər insan orqanizmini heç bir maddə verərək gücləndirmir. Kofein kimi maddələr, sadəcə, insanın bə­dənini tonuslandıraraq bütün daxili enerjini, daxili resursları anında bir dəfəyə xərcləyərək orqanizmi tükən­dirir, insanı məhvə sürükləyir. Elə qəfil ölümlərin çoxalması, bioloji ölümlərin gəncləşməsi də birbaşa energetik iç­kilərdən həddindən artıq istifadənin nəticəsidir. 

Sonda bir daha vətəndaşlara ça­ğırış edərək bildirmək istəyirəm ki, artset, qazlı və şəkərli içkilər tərkibinin qeyri-müəyyən olması səbəbindən birmənalı olaraq ziyandır. Belə içkilə­rin tərkibindəki konservantlar, rənglən­diricilər və dadlandırıcılar orqanizmdə artıq çöküntü olaraq toksin şəklində yüklənərək müəyyən xəstəliklərin ya­ranmasına səbəb olur.

 

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ







Sosial həyat