Boşanmaların səbəbləri ilə bağlı rəy sorğusu keçirilib

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) son dövrlər vaxtaşırı ictimai müzakirə gündəminə çevrilən boşanma mövzusunda bir sıra məsələlər - boşanma qərarına gətirən hallar, ailənin möhkəmliyini təmin edən amillər və digər məsələlər ətrafında əhalinin mövqeyini rəy sorğusu əsasında öyrənib. Boşanmanı legitim edən amillər kimi, məhz bu səbəblərə görə boşanma baş verdiyi təqdirdə ictimai qınağın nisbətən az olacağı hallar nəzərdə tutulub. Respondentlərə bu istiqamətdə müxtəlif amillər təqdim olunmaqla, ən çox üç cavab variantını seçmək təklif edilib.

Boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6 faiz)  ailədə narkomaniya və alkoqolizm problemi göstərilib. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3 faiz) qeyd olunub. Cəmiyyətdə məhz deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasına baxmayaraq, ailə münasibətlərinin insanlar üçün olduqca əhəmiyyətli olması ilə əlaqəlidir. Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4 faiz) və nikahdankənar münasibət (16,4 faiz) cavabları yer alıb.

Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 63 faizi, kişilərin 27 faizi belə cavab verib. Bu zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. Narkomaniya və alkoqolizmə münasibətdə isə gender fərqləri aşkar olunmur, yəni bu sosial problemlərə qadınlar və kişilər eyni dərəcədə neqativ münasibət bəsləyirlər. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34 faizi, yaşı 55-dən çox olanların yalnız 20 faizi bu cavabı seçib. Yenə də müqayisə üçün qeyd edə bilərik ki, narkomaniya və alkolqolizmə həssaslıqda yaş qrupları arasında  statistik əhəmiyyətli fərq qeydə alınmayıb.

Cavabların ümumi və demoqrafik bölgülərə əsasən təhlili müasir dövrdə ailənin psixoemosional funksiyasının getdikcə daha çox önəm kəsb etməsi, deviant davranışlar (narkomaniya və alkoqolizm), xüsusilə ailədaxili şiddətə getdikcə daha dözümsüz münasibətin formalaşdığını göstərir.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat