Mariya Zaxarova: Ermənistan sonralar KTMT-nin işinə qoşulacaq

post-img

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnamə orqanlarının işini əngəlləmək niyyətində deyil ki, bu da gələcəkdə ona açıq qapılar qoyur. Bunu noyabrın 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Bizim anladığımız qədər erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və artıq razılaşdırılmış sənədlərin təsdiqlənməsinə mane olmaq niyyətində deyillər. Əslində, bu, İrəvan üçün qapını açıq qoyur və sonradan işə qoşulmağa imkan verir”, - deyə o, brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, Ermənistanın Minsk sammiti zamanı KTMT tədbirlərində iştirak etməmək qərarı təəssüf doğurur. Onun sözlərinə görə, bu, ölkənin maraqlarına cavab vermir. Ermənistanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında və Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Şurasının birgə iclaslarında iştirak etməsi planlaşdırılırdı.

Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, İrəvan işçi, ekspert səviyyəsində iştirak edəcək.

P.ƏMİRCANOV
XQ

Dünya