Şaiqanə xatirələr

post-img

“İçəyin, Nəcəf bəyin sağlığına”

Nəcəf bəy Vəzirovun təklifi ilə Abdulla Şaiq 1909-cu ildə ailəsi ilə Dağıstanın Daşlaqar yaylağına istirahətə gedir. Qonaqlıqların birində Nəcəf bəy A.Şaiqə deyir:

– Bala, ilk sözü sənə versək, kimsə etiraz etməz. Bu gözəl mənzərəyə bax, elə bir şeir de ki, Daşlaqardan yadiğar qalsın.

Füsunkar mənzərədən ilhama gələn A.Şaiq əlində qədəh ayağa qalxır və bədahətən deyir:

– Aşiqəm Daşlaqarın dağlarına,

Meşə, ormanlığına, bağlarına,

Baxınız bu plovun ağlığına,

İçəyin, Nəcəf bəyin sağlığına!

“Cəfər, sən böyük adam olacaqsan!” 

Abdulla Şaiqin sevimli şagirdlərindən biri də böyük dramaturqumuz Cəfər Cabbarlı olub. Bir dəfə sinifdən çıxıb müəllimlər otağına gedən A.Şaiqin qarşısına Cəfər çıxır. Görür ki, Cəfər başı elmi mübahisəyə bərk qarışdığından üzü müəlliminə tərəf danışa-danışa arxaya gedir. 

Sevimli tələbəsinin bu hərəkəti Şaiqə qəribə görünür. Gözlənilmədən deyir:

– Cəfər, sən böyük adam olacaqsan. Mən sənə inanıram. Xalqımızın sənin kimi istedadlı gənclərə ehtiyacı böyükdür. 

Qeyd etmək lazımdır ki, Cəfər Cabbarlı müəlliminə bütün ömrü boyu hörmət və ehtiram göstərib.  

Dəhşətli hadisə

Bir gün A.Şaiqin gənc dostlarından biri soruşur:

– Şaiq müəllim, həyatınızda sizə ən çox təsir edən nə olub? 

A.Şaiqin üzünə məyusluq qonur. O, “ah” çəkərək deyir:

– Kədərli hadisələr çox görmüşəm. Amma Xorasanda gördüyüm yadıma düşəndə ətim ürpəşir. Eşitmişdik ki, Payin Xiyaban deyilən yerdə canilərin başını kəsirlər. Maraq güc gəldi və bir gün məktəbdən çıxıb uşaqlarla oraya getdik. Camaat da toplanmışdı. Bir nəfəri kötüyə bağlamışdılar. Əlində qılınc olan cəllad gözümüzün qabağında xəncəri onun boğazına soxan kimi qan fışqırdı. Mən gözümü yumub qaçdım. Səhərə qədər yata bilmədim və 3 gün xəstələnib yataqda qaldım. Xəstəliyimin səbəbini bilən müəllimim Mirzə Yusif mənə acıqlandı:

– Bir də elə yerlərə getsən, ayaqlarını falaqqaya salacağam.

Mən qorxudan bir də o tərəflərə üz tutmadım.

Gənc dostlar “həqiqətən, dəhşətli hadisədir” – deyə kədərlənirlər.

 

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat