Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərini öyrənmək və müvafiq uyğunlaşma tədbirlərini hazırlamaq üçün ekspert qrupunun iclası keçirilir.

İclasın açılış hissəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Ətraf Mühit Proqramının Regional koordinatoru Mahir Əliyev (onlayn formatda), BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandra Rokkasalvo və Elm və Təhsil Nazirliyinin Neft-Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirov çıxış ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur. Dəniz səviyyəsi son 5 il ərzində 69, son 10 ildə isə 114 santimetr enib.

“Məlum olduğu kimi, 2022-ci ildə Aşqabadda keçirilən VI Xəzər Zirvə toplantısı zamanı Xəzəryanı ölkələrin dövlət başçıları bu çağırışdan narahat olduqlarını bildiriblər. Toplantıda bu problemin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan tərəfi həmin problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sevindirici haldır ki, Xəzəryanı ölkələr də həmin təşəbbüsə qoşulublar.

Ekspert qrupunun əsas məqsədi Xəzər dənizinin səviyyəsinə təsir edən amillərin tədqiqi, bu mühüm su hövzəsinin davamlı idarə olunması üçün tövsiyələrin formalaşdırılmasıdır”, - deyə M.Babayev qeyd edib.

Nazir bildirib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir: “Ekspedisiyalar zamanı toplanmış monitorinq məlumatlarını bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda, Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik”.

Elm və Təhsil Nazirliyinin Neft-Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirov Xəzər dənizinin problemlərinin kompleks şəkildə öyrənilməsinin vacibliyini diqqətə çatdırıb: “Burada həm atmosfer hadisələrinin, texnogen, tektonik, geoloji proseslərin vəhdəti halında iqlim dəyişmələrini öyrənə və öz təkliflərimizi verə bilərik. Kompleks halında baxmaq istəyirik ki, iqlim dəyişmələri, tektonik geoloji proseslər, atmosfer hadisələri birlikdə hansı nəticəyə gətirib çıxara bilər. Biz bunun ssenarisini hazırlaya bilərikmi? Əgər belə bir ssenari hazırlanarsa, bu, uyğunlaşma proqramının təşkilində, strategiyanın hazırlanmasında böyük əhəmiyyət kəsb edə bilər”.

Xəzəryanı ölkələrin nümayəndələri onlayn formatda tədbirə qoşularaq Xəzər dənizinin problemlərinin həllində əməkdaşlığın və birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.

İki gün müddətində davam edəcək iclasın birinci hissəsində “İqlim dəyişikliyinin təsirləri, o cümlədən temperaturun dəyişməsi və yağıntı normalarının təhlili”, “Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq”, “Dəniz səviyyəsinin dəyişməsini izləmək üçün proqnozlaşdırma metodlarının və monitorinq sistemlərinin işlənib hazırlanması” və “Dənizə təsir edən geoloji və tektonik proseslərin öyrənilməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin çıxışları dinlənilib.

Ekspert qrupunun iclasına noyabrın 3-də yekun vurulacaq.





Sosial həyat