Suverenliyin bərpası – yekun tarixi qələbəmizdir – SORĞU

post-img

Müstəqil Azərbaycan dövlətinin 2020-ci ildə, Xalq Cümhuriyyətinin işğalının 100-cü ildönümündə torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünə nail olması, 100 il bundan əvvəl öz inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayətin varlığına 2023-cü sentyabrında son qoyaraq öz suverenliyini tam bərpa etməsi və dövlət müstəqilliyinin bərpası günündə dövlət bayrağını burada ucaltması həm də yeni qələbə təqvimi - işğalçılıq siyasəti üzərində qələbəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) bu istiqamətdə keçirdiyi rəy sorğuları Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin dövlət bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılmasını uzunmüddətli münaqişənin sonu və Azərbaycanın tarixi qələbəsi kimi qiymətləndirdiyini göstərib.

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 87,5 faizi bu mövqedən çıxış edib, 11,2 faizi sözügedən hadisələrin münaqişənin sonu olması fikri ilə razılaşmayıb, 1,3 faizi rəyini bildirməkdə çətinlik çəkib. Respondentlərin rəylərində onların sosial-demoqrafik xüsusiyyətlərinə görə statistik əhəmiyyətli fərq qeydə alınmayıb. 

Sorğunun nəticələri, eyni zamanda, ölkə ictimaiyyətinin mütləq əksəriyyətinin bu tarixi zəfərin, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi gününün təqvimdə ümumxalq əhəmiyyətli milli bayram günü kimi qeyd edilməsi mövqeyində olduğunu göstərib. Belə ki, respondentlərin 94,8 faizi bu mövqedən çıxış edərkən, 3,6 faizi bu fikirlə razılaşmadığını bildirib. Sorğu iştirakçılarının 1,6 faizi bu barədə rəyini bildirməyib.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat