Dünya tikinti sənayesinin Bakı təqdimatları

post-img

Qarabağda quruculuq diqqət mərkəzindədir

Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib. Həftə çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu – “Aquatherm Baku” sərgiləri işə başlayıb. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat – “Road&Traffic” sərgisi də təşkil edilib.

Açılış mərasimində Prezident İlham Əliyevin sərgi iştirakçılarına müraciəti oxu­nub.

İnşaat Həftəsində iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənu­bi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya, Sloveniya və Türkiyədən ümumilik­də 370-dən çox şirkət yer alır. Sərgilərdə Al­maniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunur.

Qarabağın bərpasına həsr olunmuş ye­ganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqət çək­mək, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.

“Rebuild Karabakh” sərgisi burada işti­rakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə dəvət edir. Sərginin əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrast­rukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağ­da birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, in­şaat, inşaat materialları, kənd təsərrüfatı, mə­dənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikinti­si və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil edilib.

Çoxillik tarixə malik olan “BakuBuild” və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ məhsul və xidmətlə­rin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.

Bu il yubileyini qeyd edən “Aquatherm Baku” sərgisi isə 15 ildir ki, istilik, hava­landırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisioner­lər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, sa­unalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) su texnologiya­ları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, so­yuducular və s. kimi sektorlar təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbir­dir. Sərgi yol infrastrukturu, ictimai nəqliy­yat, yol təhlükəsizliyi və informasiya texno­logiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Bu sərgi yol, körpü və tunellərin la­yihələndirilməsi və inşası əsnasında bu sahə­nin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat ope­ratorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.

Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qa­yıdışa dair tədbirlər planı üzrə panel müza­kirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Oktyabrın 19-da “Azərbaycan Respublika­sının işğaldan azad olunmuş ərazilərə əha­linin geri qayıdışı, daha yaxşı quruculuğu”, "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti – Şuşa modeli", "Qarabağda problemlərin innovativ həlləri", "Qarabağ İqtisadi Rayonunun dirçəlişi, bərpası və ye­nidən qurulması" və "İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası" mövzu­larında panel sessiyalar keçirilib.

Xəzər İnşaat Həftəsi çərçivəsində ke­çiriləcək sərgilər oktyabrın 21-dək davam edəcək.



Sosial həyat