FHN əməkdaşı: 3 yaşında əliyalın çıxdığım doğma Xankəndiyə qəhrəman Azərbaycan əsgəri kimi qayıtdım

post-img

Bir neçə gün öncə Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində baş verən yanğın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürüldü. Yanğının söndürülməsinə cəlb olunan FHN əməkdaşları arasında üç yaşında Xankəndidən çıxan və hazıda Gəncə şəhərində yaşayan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı Namiq Lələyev də olub.

AZƏRTAC-ın bölgə müxbiri Namiq Lələyevlə görüşüb, onun keçirdiyi hissləri qələmə alıb.

“Hadisə baş verən əraziyə kömək üçün Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə tapşırıq gəldi. İki yanğın avtomobili ilə Xankəndi şəhərinə ezam olunduq. Üç yaşında əliyalın çıxdığım doğma şəhərimə qəhrəman Azərbaycan əsgəri kimi qayıtdım... Bu hisslərin qürurunu yaşayıram” – deyir Lələyev.

Lələyev Namiq Əbülfət oğlu 1989-cu il avqustun 11-də Xankəndi şəhərində anadan olub. 1992-ci il də ermənilərin azərbaycanlıları doğma, dədə-baba torpaqlarından kütləvi şəkildə qovması nəticəsində ailəsi ilə birlikdə Gəncə şəhərinə gəlib. 2013-cü ildə FHN sıralarında xidmətə başlayan Namiqin ən böyük arzusu doğma torpağı olan Xankəndidə xidmət etmək olub.

“Ağdama daxil olarkən gördüklərimdən dəhşətə gəldim. Düşmən xislətini hər yerdə göstərib. Şəhər yerlə-yeksan olmuşdu. Sanki daş-divardan qisas alırmış kimi, hər yeri dağıtmışdılar. Bəlkə də, dünya müharibələrində faşistlər belə vəhşilik törətməyib, torpağa bu qədər zülm etməyib. Əsgərandan Xocalıya daxil olanda illər əvvəl xalqımıza edilən vəhşiliklər gözümün qarşısına gəldi. Yəni ki, bu meşələrdə, dağlarda xalqımıza zülm edilib. Xankəndi şəhərinə çatanda gözlərim doldu. O an keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm,”- deyə o bildirib.

Namiq arzusuna qismən də olsa çatdığına görə mənəvi rahatlıq tapdığını deyib: “Xankəndidə vəzifəmizi layiqincə yerinə yetirdik. Vaxtında müdaxilə etdik, yanğını söndürdük. Doğma torpağımda xidmət etdim. Biz doğma Xankəndidə mənfur düşmənə öz mərdliyimizi nümayiş etdirdik. Buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Ən böyük arzum isə Xankəndi şəhərində xidmət etməkdir.”

Sosial həyat