Sanator-Kurort Reabilitasiya Mərkəzində 2020-ci ildən etibarən 1577 qazi müalicə olunub

post-img

Azərbaycan Ordusunun Zəfərlə başa vurduğu müharıbənin ilk günlərindən bir qrup həkim hərbçilərimizə tibbi yardım göstərmək üçün müharibə bölgəsində fəaliyyət göstərən hərbi hospitallarda işləməyə getmişdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.

Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, mərkəzdə qazilərin yüksək səviyyədə müalicəsi üçün ən müasir avadanlıqlardan istifadə olunur. Sanator-Kurort Reabilitasiya Mərkəzində 2020-ci ildən etibarən 1577 qazi, 550 şəhid valideyni, 137 şəhid yoldaşı və uşaqları müalicə olunub.

“Mərkəzdə müalicəsi tamamlanan xəstələr evə göndərildikdən sonra yenidən müraciət etmək istəyirlər. Onlar Səhiyyə Nazirliyinin qazilər və şəhid ailələrinin müraciəti üçün nəzərdə tutduğu 9109 Çağrı Mərkəzinə zəng edə bilərlər. Bəzən müxtəlif problemlər səbəbindən mərkəzimizə şəhid övladları yaxınlaşır. Həmin uşaqların üzündəki sevinc və kədər hissi mənə bir daha şəhidlərin ucaldığı yüksək zirvənin müqəddəsliyini xatırladır. Hazırda isə burada müalicə alan qazilər həm Vətənləri üçün, həm də öz sağlamlıqları uğrunda mübarizə aparırlar”, - deyə M.Mürsəlov bildirib.

Daha sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Rəşad Bədəlov müharibə zamanı öncə Beyləqan xəstəxanasında, Azərbaycan Ordusu irəlilədikcə isə Ağdamda yaralıları müalicə etdiyini qeyd edib. O, xəstəxanalarda təhlükəsizlik və nəzarətin olduqca güclü olduğunu vurğulayıb: “Bəzən ağır hallarda Bakıdakı professorlarla onlayn formada görüşlər keçirirdik. Müharibənin son gününə kimi orada qalmışıq. Hətta mənin doğum günüm müharibənin bitdiyi günə təsadüf edir. Bakıda olan zaman sərhəd bölgəsində müalicə etdiyim xəstələr hələ də ambulatoriya ilə bağlı instituta yaxınlaşırlar. Ən vacib nüans isə yaralı hərbçilərin tez sağalıb yenidən müharibəyə yollanmaq istəyini eşitmək idi. Sözsüz ki, Dəmir Yumruq ermənilərə lazım olan zərbəni endirdi və torpaqlarımız işğaldan azad oldu. Xatırlayıram ki, Ağdam xəstəxanasındakı təcili yardım otağında kiçik bir televizor işləyirdi. Yaralılar və tibb işçiləri həmin televiziyadan Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini dinləyirdi. Dövlətimizin başçısı hər gün yeni rayonların işğaldan azad olunması xəbərini verirdi və döyüşçülər sevincdən sanki uçurdular. Sonda isə Şuşanın azad olunması ilə bağlı xalqa müraciət olundu. O zamanı hər kəsdə bir sükut gördüm. Daha sonra isə dərin sükutun yerini kövrək ağlama səsləri aldı. Biz onda dərk etdik ki, Şuşa doğrurdan da Qarabağın tacıdır”.

Vətən müharibəsi veteranı Əzim Qafaraov Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicə aldığını deyib: “Mən və döyüş yoldaşlarım reabilitasiyada olan bütün müalicə metodlarından faydalanırıq. Buranın işçiləri yüksək ehtiramla bizə yanaşır”.

 

Sosial həyat