Şərqşünas alim İstanbul 29 Mayıs Universitetinin kitabxanasının baş direktoru Mehmet Yılmazla görüşüb

post-img

Türkiyədə elmi ezamiyyətdə olan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev sentyabrın 22-də İstanbul 29 Mayıs Universitetinin kitabxanasının baş direktoru Mehmet Yılmazla görüşüb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, gənc alim səmimi şəraitdə keçən görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, xüsusilə Şərqşünaslıq İnstitutunun tarixi və fəaliyyəti haqqında ətraflı məlumatları paylaşıb.

Söhbət zamanı Azərbaycanın elm tarixi, dünya şöhrətli azərbaycanlı alimləri və dünya elminə bəxş etdikləri töhfələri, həmçinin son dövrlərdə ölkəmizdə ərsəyə gətirilmiş elmi tədqiqat əsərləri haqqında müfəssəl məlumatlar kitabxana direktorunun diqqətinə çatdırılıb.

Görüşün sonunda E.Mustafayev AMEA-da, əsasən Şərqşünaslıq İnstitutunda son vaxtlar nəşr edilmiş kitabları kitabxanaya hədiyyə edib. Bunların sırasında AMEA-nın vitse-prezidenti v..i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın rus dilində yazdığı “Этническая идентичность Низами Гянджеви” (“Nizami Gəncəvinin etnik mənsubiyyəti”) kitabının rus, ingilis və fars dillərində olan nüsxələri, institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin tərtib etdiyi və nəşrə hazırladığı “Azərbaycan” qəzeti - Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı kitabın birinci hissəsi, Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi münasibəti ilə nəşr edilmiş "Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 60 ildə" kitabı, Şərqşünaslıq İnstitutu tərəfindən yeddi dildə (Azərbaycan, türk, ərəb, fars, rus, ingilis, çin) hazırlanmış "Azərbaycanın mədəniyyət paytaxtı Şuşa" adlı kitabları, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmlər doktoru, professor Sakit Hüseynovun "Heydər Əliyev və İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində rolu" adlı monoqrafiyası kitabxanaya təqdim edilib.

Kitabxananın baş direktoru Mehmet Yılmaz görüşdən və təqdim edilən kitablardan məmnunluğunu bildirib, çox mühüm və dəyərli olan bu əsərlərin kitabxanaya zənginlik bəxş edəcəyini qeyd edib.

Sosial həyat