Tez durarsan – gümrah olarsan

post-img

“Apple” şirkətinin baş direktoru Tim Kuk hər gün saat 4-də oyanıb elektron poçtuna baxdığını bildirib. Onun kolleqaları isə ən tezi 6:30-da yuxudan oyanırlar. Məşhur teleaparıcı Opra Uinfri isə saat 6.00-da oyanıb meditasiya, yoqa ilə məşğul olur və planlar qurur, iş gününə 8-də başlayır.

Bütün alimlər, dinlər səhər erkəndən oyanmağın bədən və beyin üçün faydalı olduğunu deyir. Elmi araşdırmalar səhər oyanma vaxtı ilə həyatda və işdə uğurun bir-birinə təsiri olduğunu sübut edib. Amma, yadda saxlamaq lazımdır ki, erkən oyanma hər kəsə işdə uğur və yüksəliş vəd etmir. Hər ada­ma səhər oyanmaq uyğun deyil, hər şey genlərdən asılıdır. Elə insan var ki, səhər, gündüz koqnitiv qabiliyyəti, diqqəti daha güclü olur. Elə insan var ki, əksinə səhərlər oyansa da, diqqətini cəmləyə bilmir.

İnsanın səhər və axşamkı halına təsir edən 350 gen mövcuddur. Çox­saylı elmi işlər göstərib ki, müxtəlif insanlar bioloji saat baxımından günün müxtəlif vaxtlarında özlərini fərqli hiss edirlər.

Gündüz özünü yaxşı hiss etməyənlər, yəni bu geni olmayanlar səhər tez oyandıqda əsəbi, gərgin olur, xroniki yuxusuzluqdan əziyyət çəkir. Belələ­rinin çəkisi arta, sonra ürək-damar, təzyiq xəstəlikləri yarana bilər. Səhər 9-dan sonra oyanan bəzi adamlar günortadan sonra özlərini daha yaxşı hiss edirlər.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat